...

Bəyanat: Regionda həll olunmayan münaqişələr birgə nəqliyyat layihələrinin reallaşdırılmasında əsas maneədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Oktyabr 2014 14:40 (UTC +04:00)
Regionda həll olunmayan münaqişələr regional əməkdaşlıq və birgə nəqliyyat layihələrinin reallaşdırılmasında əsas maneədir.
Bəyanat: Regionda həll olunmayan münaqişələr birgə nəqliyyat layihələrinin reallaşdırılmasında əsas maneədir

Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbir Emil İsmayılov/

Regionda həll olunmayan münaqişələr regional əməkdaşlıq və birgə nəqliyyat layihələrinin reallaşdırılmasında əsas maneədir. Trend-in məlumatına görə, bu barədə "Bakı-Tbilisi-Qars dəmir yolu xətti - Tarixi İpək Yolunun inkişafında yeni imkanlar" mövzusunda keçirilən beynəlxalq konfransının yekunları üzrə qəbul edilmiş birgə bəyanatda deyilir.

Konfrans iştirakçıları bu münaqişələrin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin pozulmamasına riayət edilməsi əsasında tezliklə həllinin vacibliyini qeyd ediblər.

Həmçinin iştirakçılar yekun sənəd çərçivəsində Avrasiya nəqliyyat əlaqələrinin inkişafının bütün aspektləri və Böyük İpək Yolunun bərpa edilməsi üzrə əməkdaşlığın səviyyəsinin artırılmasının zəruriliyini bəyan ediblər.

Bəyanatda deyilir ki, tərəflər elektron sənəd dövriyyəsi və nəqliyyatın intellektual idarə edilməsi sistemlərinin daha geniş istifadəsini təşviq edəcəklər: "Həmçinin birgə nəqliyyat infrastrukturunun inkişafı layihələrinin reallaşdırılması yolu ilə daha sıx regional inteqrasiya üçün razılaşdırılmış tədbirlərin hazırlanması, əlverişli investisiya mühitinin və rəqabətqabiliyyətli nəqliyyat xidmətləri bazarının yaradılması davam etdiriləcək".

Konfrans iştirakçıları Azərbaycan, Gürcüstan və Türkiyənin Bakı-Tbilisi-Qars yeni dəmiryol xəttinin tikintisi layihəsinin həyata keçirilməsi üzrə təşəbbüsünü alqışlayır və dəstəkləyir.

Tərəflər Bakı-Tbilisi-Qars dəmiryol xəttinin Trans-Avropa və Trans-Asiya dəmiryol şəbəkələrinə səmərəli inteqrasiyasına yardım edirlər, eləcə də Ələt qəsəbəsində ən müasir texnologiyaların tətbiqi ilə yeni beynəlxalq dəniz limanının tikintisini alqışlayırlar.

Konfrans iştirakçıları Azərbaycan Prezidenti və hökumətinə Avrasiya regionun nəqliyyat və tranzit potensialının inkişafı üzrə göstərdiyi səylərə və konfransın yüksək səviyyədə təşkilinə görə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti