...

"AGBank"ın bağlanması barədə xəbərlər doğrudurmu?

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Noyabr 2014 17:30 (UTC +04:00)
Son zamanlar bəzi informasiya saytlarında "AGBank"ın bağlanması haqqında məlumatlar yayılıb.
"AGBank"ın bağlanması barədə xəbərlər doğrudurmu?

Azərbaycan, Bakı, 19 noyabr /Trend/

Son zamanlar bəzi informasiya saytlarında "AGBank"ın bağlanması haqqında məlumatlar yayılıb.

Bankdan Trend-ə verilən məlumata görə, "AGBank"ın İdarə Heyəti sədrinin müavini Əfqan Cəlilov bu silsilədən yayılan xəbərləri şayiə adlandırıb: "Bu resurslar bankımız haqqında yazarkən heç bir mənbəyə istinad etməyiblər. Bundan əlavə, "AGBank"ın bağlanmasına heç bir maliyyə, iqtisadi, hüquqi əsas da yoxdur. Bildiyiniz kimi, "AGBank" 22 ildən artıqdır ki, ölkəmizdə fəaliyyət göstərir və ən etibarlı banklar sırasındadır. Son bir il ərzində bankın aktivləri 63.5 milyon manat və ya 12.4% artaraq 513.1 milyon manata çatıb. Aktivlərin həcminə görə bank ilk 8-liyə daxildir. Bu dövr ərzində kredit portfeli 40 milyon manat artaraq 372.5 milyon manat, depozit portfeli isə 33.8 milyon manat və ya 11.1% artaraq 302.4 milyon təşkil edib. Hazırda bankın məcmu kapitalı 53.4 milyon manatı keçib".

Həqiqətəuyğun olmayan məlumatların yayılmasından təəssüflənən Ə.Cəlilov bildirib ki, dünya praktikasında KİV-lər maliyyə institutları haqqında qeyri-dəqiq, əsaslandırılmamış və mənbəsiz məlumatlar yaymır: "Yaxşı olardı ki, bizim informasiya resursları da buna əməl etsin. İstənilən bank haqqında yayılan məlumat onun maliyyə göstəricilərinə əsaslanmalıdır. AGBank-ın rəsmi saytı mövcuddur və Azərbaycan Mərkəzi Bankının tələblərinə uyğun olaraq, "AGBank" öz maliyyə göstəriciləri haqqında məlumatı həmin saytda yerləşdirir. Bu məlumatları bankın rəsmi saytından əlavə, Mərkəzi Bankın rəsmi bülletenlərindən də əldə etmək olar. Haqqımızda yazmaq istəyənlər ilk növbbədə bu mənbələrə müraciət etsələr həqiqətdən uzaq olan məlumatlar ümumiyyətlə ərsəyə gəlməz".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti