...

Xarici ekspertlər Azərbaycanın Mülki Məcəlləsinə dəyişiklikləri müzakirə edirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Dekabr 2014 20:29 (UTC +04:00)
Xarici ekspertlər Vergilər Nazirliyində olublar.
Xarici ekspertlər Azərbaycanın Mülki Məcəlləsinə dəyişiklikləri müzakirə edirlər

Azərbaycan, Bakı, 9 dekabr /Trend/

Xarici ekspertlər Vergilər Nazirliyində olublar.

Bu gün Vergilər Nazirliyində Almaniya Əməkdaşlıq Təşkilatının (GİZ) mülki hüquq sahəsində beynəlxalq səviyyədə tanınmış ekspertləri - Vismar Universitetinin Şərq İnstitutunun tədqiqat üzrə direktoru, postsovet ölkələri üzrə hüquq məsləhətçisi, professor Hans-Yoahim Şramm və Bremen Universitetinin sabiq professoru, postsovet ölkələri üzrə hüquq məsləhətçisi Rolf Kniperin iştirakı ilə "Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi barədə təkliflər" layihəsinin beynəlxalq təcrübə və milli qanunvericilik nəzərə alınmaqla hərtərəfli araşdırılması və müvafiq rəyin hazırlanması məqsədilə yaradılmış komissiyanın növbəti iclası keçirilib.

Nazirliyin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, vergilər nazirinin birinci müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Natiq Əmirov ölkəmizdə mövcud olan qanunvericilik bazasının ictimai münasibətlərin inkişaf sürətinə adekvat olaraq təkmilləşdirilməsi istiqamətində Mülki Məcəllənin fiziki və hüquqi şəxslərlə bağlı fəsillərinə müvafiq dəyişikliklərin edilməsinin zəruri olduğunu qeyd edib.

İclasda Mülki Məcəllənin "Hüquqi şəxslər" fəslinin ümumi, məhdud məsuliyyətli cəmiyyətlər və kooperativlərlə bağlı hazırlanmış maddələrinin layihələri üzrə alman ekspertlərin şərhləri dinlənilib və ətraflı müzakirələr aparılıb. Gələcəkdə də bu sahələr üzrə beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində fikir mübadiləsinin davam etdirilməsi, mövcud ictimai münasibətlər kontekstində uğurlu hesab olunan təcrübələrin tətbiqi, fiziki və hüquqi şəxslərlə bağlı mülki qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə Mülki Məcəlləyə dəyişikliklər layihəsinin hazırlanmasının nəzərdə tutulduğu qeyd olunub.

Müzakirələr dekabrın 12-dək davam etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti