Azərbaycan, Bakı, 10 dekabr /Trend/
Azərbaycan Mərkəzi Bankının Tədqiqatlar və inkişaf mərkəzində "Bilik mübadiləsi" layihəsi çərçivəsində kommersiya banklarının əməkdaşları üçün "Bazel III" standartlarına dair seminar keçirilib.
Bankdan Trend-ə verilən məlumata görə, seminarın keçirilməsində məqsəd bankların risklərin idarə edilməsi departamentlərində çalışan əməkdaşlarını Bazel III-də olan yeniliklərin nəzəri və praktiki əsasları barədə məlumatlandırmaq olub.
Mərkəzi Bankın Tədqiqatlar və inkişaf mərkəzinin və Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin əməkdaşları seminar zamanı interaktiv mühit yaradıb və iştirakçılara Bazel III-nün yaranmasına ehtiyac, Bazel III-də kapitalın tərkib elementləri, kapital adekvatlığı tələbləri, kapital buferləri, likvidlik riski üzrə tələbləri izah ediblər.
Eyni zamanda, Azərbaycanda Bazel III-nün tətbiqi sahəsində aparılan işlər barədə məlumat verilib və iştirakçıların sulları cavablandırılıb.
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının Tədqiqatlar və inkişaf mərkəzinin Resurslar və maarifləndirmə xidməti 2011-2014-cü illər üzrə strateji plana uyğun olaraq, "Bilik mübadiləsi" layihəsi çərçivəsində müxtəlif hədəf qruplar üçün bir sıra tədbirlər həyata keçirir.