Azərbaycan, Bakı, 15 dekabr /Trend/
Azərbaycanda əhalinin maliyyə savadlılığının aşağı olması ilə bağlı narahatçılıqlar getdikcə artmaqdadır. Maliyyə böhranının olması faktı isə ictimaiyyət tərəfindən maliyyə savadlılığının əsas həyat bacarıqlarından biri kimi dəyərləndirilir. Maliyyə savadlılığının inkişafı isə iqtisadiyyatın vacib elementi kimi qəbul edilir. İnsanların böyük bir qismi öz şəxsi vəsaitlərinə nəzarətdə və onu qənaət edərək idarə etməkdə çətinlik çəkməsi onların bu sahədə yetərincə bilik və bacarıqlarının olmadığının göstəricisidir. Bu sahədə biliklərin azlığı isə onların potensial gəlir imkanlarının görməməsinə gətirib çıxarır.
Statistik məlumatlara əsasən Bakıda insanların 66%-nin maliyyə savadlılığı orta səviyyədə, kəndlərdə isə bu rəqəm 25%-dir. Bundan əlavə əhalinin 55.8%-i hesab edir ki, maliyyə xidmətlərindən daha geniş və effektiv istifadəni təmin etmək üçün maarifləndirici tədbirlərə böyük ehtiyac vardır. İnsanların 62%-i maliyyə xidmətlərinin çətin olması, 70% əhalinin isə ümumiyyətlə bank hesablarının olmadığı bildirir. Məhz bu səbəbdən artıq maliyyə savadlılığı mövzusuna daha geniş aspektdən baxmaq lazımdır.
Maliyyə savadlılığının aşağı səviyyədə olması, şəxsi maliyyə sahəsində kifayət qədər məlumatın olmaması artıq borclanma, həyat şəraitinin pisləşməsi, sosial vəziyyətin ağırlaşması və s. xoşagəlməz hallarla nəticələnə bilər. Həmçinin, müxtəlif sosial-psixoloji problemlərin, habelə depressiya, stress və digər şəxsi problemlərin yaranmasına da səbəb ola bilər. Araşdırmaların nəticəsi göstərir ki, bir çox insanlar öz gələcəkləri üçün ümumiyyətlə vəsait yığmır və onu qənaət etmədən xərcləyir. Halbuki, onlar həyat boyu istifadə edə biləcəkləri investisiya hesabına sahib ola bilər və maliyyə savadlılığını artırmaqla istər qiymətli kağızlar istərsə də valyuta bazarlarında ticarət etməklə, fərdi investor kimi formalaşa bilərlər. Nəzərə almaq lazımdır ki, bugünkü gənc nəsil gələcəkdə maliyyə bazarının iştirakçıları və fərdi investorlarıdır. Məhz, buna görə də maliyyə savadlılığının artırılması təhsil sisteminin ilkin pillələrində yer almalıdır. Artıq hər kəsin fərdi investor olmaq zamanıdır və hər kəsin həyat boyu istifadə edə biləcəyi investisiya hesabı olmalıdır.
Bu gün maliyyə savadlılığının artırılması istiqamətində həm Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi nəzdində yaradılmış Kapital bazarı üzrə Tədris Mərkəzini, həm də fərdi investorlarının sayının artırılması istiqamətində fəaliyyət göstərən InvestAZ investisiya şirkətinin istər başlanğıc səviyyə, istərsə də peşəkar səviyyə üçün təşkil etdiyi maliyyə kursları buna əyanı sübutdur. Bu kurslarının əsas məqsədi insanları öz şəxsi vəsaitlərini effektiv idarə etmələrinə və gələcəkdə fərdi investor kimi fəaliyyət göstərmərinə təkan verməkdir. Bu kimi addımlar gələcəyin fərdi investorlarını maliyyə təhlükəsizliyini təmin etməkdə, qarşılaşa biləcəkləri risklərdən qorumağa, düzgün və düşünülmüş maliyyə qərarları qəbul etməkdə yardımçı olacaq.
Maliyyə savadlılığının yüksəlməsi sosial və iqtisadi effektivliyin tədricən yaxşılaşması, hər kəsin şəxsi maliyyə məqsədinə nail olması, gələcəyə inamla addımlaması, iqtisadiyyatın və ümümilikdə cəmiyyətin rifah halının inkişafı deməkdir. Maliyyə təhsili ilə hər kəs gələcəkdə maliyyə bazarının müşahidəçisi yox, aktiv iştirakçısına çevirəcək və ölkə iqtisadiyyatının daha da güclənməsinə imkan verəcəkdir.