...

Rusiya rublunu kim xilas edəcək?

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Dekabr 2014 11:53 (UTC +04:00)
Rusiya rublunun qeyri-sabitliyi Azərbaycan da daxil olmaqla, MDB ölkələrinin əksəriyyətinin valyuta bazarlarına təsir edir.
Rusiya rublunu kim xilas edəcək?

Baş redaktorun iqtisadiyyat üzrə müavini

İlahə Məmmədli - Trend:

Rusiya rublunun qeyri-sabitliyi Azərbaycan da daxil olmaqla, MDB ölkələrinin əksəriyyətinin valyuta bazarlarına təsir edir. Rubl Azərbaycan üçün ehtiyat valyuta olmasa da, iki ölkə arasında cərəyan edən miqrasiya prosesləri sayəsində ölkədə populyarlığına görə üçüncü yeri tutur. Rusiyanın Əmək və Məşğulluq Federal Xidmətinin məlumatına əsasən, Rusiyadakı əmək miqrantlarının sayına görə Azərbaycan Ukrayna, Özbəkistan və Tacikistandan sonra dördüncü yeri tutur.

Dünən rubl uzunmüddətli çökmədən sonra ilk dəfə artdı, lakin rusiyalıların sevinci qısamüddətli oldu. İlkin olaraq rubl RF MB-nin dekabrın 16-dan əsas dərəcənin 10,5 faizdən 17 faizədək qaldırılmasına dair qərarından sonra əvvəlki gün baş verən güclü enməni bərpa etdi. Qərar son zamanlar əhəmiyyətli dərəcədə artmış devalvasiya və inflyasiya risklərini məhdudlaşdırmaq məqsədi ilə verilmişdi.

Ancaq Moskva birjasındakı hərracların nəticəsinə görə, gün ərzində avronun məzənnəsi 100 rublu ötdü, dollar isə 80 rubl oldu.

Son günlər rublun məzənnəsindəki tərəddüdlər ondan xəbər verir ki, Rusiya Mərkəzi Bankı əsas hədəfi olan rublun məzənnəsindəki enmələri yubatmağa hələ də nail olmayıb. Deməli, Rusiya iqtisadiyyatının inkişafı üçün şanslar da azalır. Heç kim iqtisadiyyatın yeni şəraitlərə uyğunlaşması üçün zaman çərçivəsini müəyyən edə bilməz. Bu arada, Qərb sanksiyaları ləğv etməyə hazırlaşmır, müvafiq olaraq Rusiya bankları qismən beynəlxalq kapital bazarlarına çıxışdan məhrum olublar, neftin qiymətləri isə hər gün azalmaqda davam edir.

Rusiyanı Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ölkələrinin hökumət başçılarının görüşündə qəbul edilən qərar xilas edə bilər. Görüşdə regionun altı ölkəsi - Qazaxıstan, Rusiya, Çin, Tacikistan, Qırğızıstan və Özbəkistan Amerika dollarından imtina etməyə hazır olduqlarını bildirdilər.

İqtisadi müstəqilliyə əyani misal dünən Qazaxıstan və Çinin rəsmən dollardan imtina etmələri oldu. Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin qeyd etdiyi kimi, indi Astana və Pekin bütün qarşılıqlı hesablaşmaları milli valyutalarla aparacaqlar. İki dövlətin baş bankirləri artıq saziş imzalayıblar və hətta 200 milyard tengelik ilk müqaviləyə qol çəkilib. İki ölkə bununla da digər dövlətləri onlardan nümunə götürməyə çağırıblar.

Təşkilatın digər iştirakçılarının şübhə etməmələri və düşünmədən qazaxıstanlı həmkarlarının izi ilə getmələri üçün Çin nümayəndələri ŞƏT ölkələrinin iqtisadi layihələrinə on milyonlarla sərmayə yatıracağını vəd edib... Amma, hələlik dollarla.

Çox güman ki, bu, yola saldığımız ilin ən iri siyasi hadisəsi olacaq və ixracatçılar və idxalatçılar arasında gərginliyi azaldacaq.

Hesablaşmaların milli valyutalarla aparılması məsələsi hər il Bakıda keçirilən MDB dövlətlərinin Beynəlxalq Bank Konfransının gündəliyinə daxil edilir. Lakin, yerli ekspertlərin fikrincə, xüsusilə MDB məkanında vahid valyutada qarşılıqlı hesablaşmalara keçid hələ tezdir, çünki bunun üçün iqtisadi baza yoxdur.

Regiondakı bütün milli valyutalar, xüsusilə rubl hazırkı reallıqlara görə kifayət qədər zəifdir. Dünya iqtisadiyyatında rublun xüsusi çəkisi çox aşağıdır, elə Rusiya iqtisadiyyatının özündə dollar və avro xüsusi paya malikdirlər.

Ümumilikdə isə bu siyasi qərar ola bilər, lakin bu təşəbbüslər xalis iqtisadi məqsədəuyğunluqdan kifayət qədər uzaqdır.

Qeyd etməyə dəyər ki, rublun sərbəst üzən məzənnəyə buraxılması [noyabrın 5-dən], təbii ki, AZN/RUB valyuta məzənnəsinə də təsir etməyə başlayıb: bu dövrdə Rusiya rublu Azərbaycan manatına nisbətdə 27,9 faiz qiymətdən düşüb.

Bu, MDB ölkələrindən olan miqrantları çox acınacaqlı vəziyyətdə qoyur. Onlar ardıcıl olaraq hər ay ailələrinə minlərlə rubl vəsait göndərirlər. İndi isə rublun zəifləməsini onlar öz vətənlərində də hiss etməyə başlayıblar.

Azərbaycana pul köçürmələrinə gəldikdə, Rusiya MB-nin rəsmi statistikasına görə, 2009-2011-ci illərdə Azərbaycana bir milyard dollara yaxın vəsait köçürülüb, qeyri-rəsmi statistikaya görə isə bu məbləğ iki milyard dollar təşkil edir. Rusiya ərazisində azərbaycanlı miqrantların sayının azalması ilə əlaqədar, 2013-cü ildə Azərbaycana pul köçürmələri 600 milyon dollara yaxın təşkil edib və il ərzində qeyri-rəsmi məlumatlara görə də təxminən elə o qədərdir.

2014-cü il ərzində Rusiyadan Azərbaycana pul köçürmələrinin həcminin azalmasını bir mənbə üzrə təqib etmək olar: 11 ay ərzində Azərbaycana IBA-Express şəbəkəsindən istifadə etməklə 22,1 milyon dollar həcmində köçürmə həyata keçirilir, halbuki bütün 2013-cü il ərzində bu göstərici 55 milyon dollar həcmində olub. Bununla yanaşı köçürmələrin sayı 20 min ədəd azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti