...

Samuxda quşçuluq təsərrüfatı fəaliyyətə başladı

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Fevral 2015 15:10 (UTC +04:00)
İşgüzar forum çərçivəsində Samux və ətraf rayonlardan olan 50 sahibkara 1,1 milyon manat güzəştli kredit verilib.
Samuxda quşçuluq təsərrüfatı fəaliyyətə başladı

Azərbaycan, Bakı, 13 fevral /Trend/

Bu gün İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Samux rayonunun Qovlarsarı kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, işgüzar forumun keçirilməsində əsas məqsəd sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatların verilməsi, Samuxda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsidir.

100-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Samux rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan 50 başlıq südlük istiqamətli müasir ailə fermer, istixana və intensiv üzümçülük təsərrüfatlarının, pendir, plastik qapı-pəncərə, üzlük daş və corab istehsalı müəssisələrinin, "yaşıl market" və fermer mağazalarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2015-ci ilin ötən dövrü ərzində 422 sahibkara 10,7 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 1000-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilib ki, ümumilikdə, indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 4948 investisiya layihəsinin maliyyələşdirilməsinə 170,9 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, taxıl anbarlarının, quşçuluq fabrikinin, cins iri buynuzlu heyvandarlıq kompleksinin, çörək zavodlarının, meyvə-tərəvəz, ət, süd emalı müəssisələrinin, istixana təsərrüfatlarının yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 23 minə yaxın yeni iş yerinin açılması imkanı yaradılıb.

İşgüzar forum çərçivəsində Samux və ətraf rayonlardan olan 50 sahibkara 1,1 milyon manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən heyvandarlıq, tərəvəzçilik, üzümçülük, çorək və mebel istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 80-dən çox yeni iş yerinin açılması mümkün olacaq.

Forum çərçivəsində Samux rayonunun Sərkar kəndində güzəştli kredit ayrılmış ildə 1,6 min ton quş əti istehsal etmək gücündə olan müasir quşçuluq fabrikinə baxış keçirilib. Bu fabrikin yaradılmasına Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2,5 milyon manat güzəştli kredit verilib. Ümumilikdə isə Sahibkarlığa Kömək Milli Fondunun vasitəsilə son illər respublikanın regionlarında və Bakı şəhərinin qəsəbələrində illik istehsal gücü 56,7 min ton quş əti, 95 milyon ədəd damazlıq və 183,1 milyon ədəd əmtəəlik yumurta olan 40 quşçuluq təsərrüfatına 110 milyon manata yaxın güzəştli kreditlər verilib. Artıq illik istehsal gücü 37.9 min ton quş əti, 69 milyon ədəd damazlıq və 154.9 milyon ədəd əmtəəlik yumurta olan 32 quşçuluq təsərrüfatı istifadəyə verilib. Görülən işlərin nəticəsidir ki, quş əti və yumurta istehsalının artımına nail olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti