Azərbaycan, Bakı, 17 aprel /Trend/
Serbiyanın baş naziri Aleksandr Vuçiç Azərbaycan şirkəti Azmeko ilə əməkdaşlıq imkanlarını yüksək qiymətləndirib.
Trend-in məlumatına görə, aprelin 13-15-də Azərbaycana səfəri çərçivəsində Serbiyanın baş naziri A.Vuçiç regionda metanol istehsal edən yeganə zavoda malik Azmeko şirkətinin nümayəndələri ilə görüşüb.
Ölkə başçısı və rəsmi şəxslərlə görüşdən sonra Vuçiç jurnalistlərə bildirib ki, onlar qaz təchizatı və Serbiyadakı şirkətlərin özəlləşdirilməsində Azərbaycanın iştirakı məsələsini müzakirə ediblər. Baş nazir həmçinin Serbiyanın orada fəaliyyət göstərən Azərbaycan şirkətləri ilə uğurlu əməkdaşlığından məmnunluq hissini ifadə edərək qeyd edib ki, Azmeko ilə əməkdaşlığın möhkəmlənməsinə səy göstərir.
"Biz nəinki siyasi, hətta iqtisadi münasibətlərin möhkəmlənməsində tam qərarlıyıq" - deyə Vuçiç bildirib və Serbiyanın ərazi bütövlüyünü dəstəklədiyinə görə Azərbaycana öz minnətdarlığını ifadə edib.
Baş nazir Twitter səhifəsində qeyd edib ki, Azmeko şirkəti neft-kimya sahəsində Serbiya ilə əməkdaşlıq etməkdə maraqlıdır və şirkət nümayəndələri yaxın vaxtlarda hər iki ölkə arasında iqtisadi əlaqələrin möhkəmlənməsi üzrə əməkdaşlığın potensial yolları ilə bağlı danışıqlar aparmaq üçün Serbiyaya səfər edəcək.
Azərbaycana gəlmiş Serbiya nümayəndə heyətinin üzvü, Enerji və Dağ-mədən Sənayesi naziri Aleksandr Antiç neft-kimya obyektlərini gəzib və Azmeko şirkətinin rəhbərliyi ilə görüşüb. O bildirib ki, Serbiya neft-kimya sahəsinə investisiya yatırılmasında maraqlıdır.