...

Azərbaycanda sığortalanmış əmanətlərin 69 faizi dollarla yerləşdirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 İyul 2015 09:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 iyul /Trend/

2015-ci ilin 6 ayının yekunlarına görə, Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna (ADIF) üzv olan banklarda fiziki şəxslərin cəmi əmanətləri 7, 561 milyard manat təşkil edib.

Trend-in ADIF-in saytına istinadən verdiyi məlumata görə, cari ilin 6 ayının yekunlarına görə, fiziki şəxslərin əmanətləri ümumilikdə 884 milyon manat (13,2%) artıb. Kompensasiya olunan əmanətlər isə 437 milyon manat (25,9%) artaraq 2 122 milyon manat olub ki, bu da ümumi əmanətlərin 28%-ni təşkil edir.

Üzv banklar tərəfindən 7 147 401 əmanətçiyə xidmət göstərilir ki, onların da 90%-i sığortalanan əmanətçilərdir. Cari ilin 6 ayının yekunlarına görə, sığortalanan əmanətçilərin sayı 6 444 188 (90 %) nəfərdir.

Sığortalanan əmanətlərin 69%-i ABŞ dollarının, 27%-i manatın, 4%-i avronun payına düşür.

Cari ilin 6 ayının yekunlarına görə, Fondun sığorta ehtiyatları 103 milyon manat təşkil edir.

ADİF-in sərbəst vəsaitlərinin idarə edilməsi Fondun investisiya siyasətinə uyğun olaraq həyata keçirilir. Fondun vəsaitlərinin 85,5 milyon manatı dövlət qiymətli kağızlarında yerləşdirilmiş və illik gəlirlilik orta hesabla 4,2 % təşkil edib. Fondun 5 milyon avro vəsaiti isə "Deutsche Asset & Wealth Management International" şirkəti vasitəsi ilə idarə olunur. Fondun sərbəst vəsaitləri 11,4 milyon. manat təşkil edib.

Cari ilin 6 ayının nəticəsinə görə Fondun gəlirləri 12,4 milyon manat olub ki, bunun da 10,6 milyon. manatını sığorta haqları, 1,8 min manatını isə faiz gəlirləri təşkil edib. Fondun cəmi xərcləri 766,5 min manat təşkil edib.

2015-ci ilin II rübünün sonuna Fondun iştirakçısı olan bankların sayı 44-dür.

24 fevral 2015-ci il tarixindən etibarən qorunan əmanətlərin illik faiz dərəcəsinin maksimal həddi 12 %-dir.

24 fevral 2015-ci il tarixinədək iştirakçı banklarda illik maksimum 12 faizlə qəbul olunmuş əmanətlər 24 fevral 2015-ci il tarixdən etibarən sığortalanan əmanət hesab olunur. Bu faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilən əmanətlər sığortalanmır və bu əmanətlərə görə kompensasiya ödənilmir.

ADİF-ə üzv olan bir və ya bir neçə bankda sığorta hadisəsi baş verdiyi zaman Fond tərəfindən sığortalanan əmanətlərə görə, əmanətçiyə hər bir sığorta hadisəsi üçün 30 000 manat məbləğində kompensasiya ödənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti