Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir Azad Həsənli/
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 140 min daşınmaz əmlak obyekti qeydiyyata alınıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisini 10 faiz üstələyir.
Trend-in məlumatına görə, bunu Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin müavini Rafiq Cəlilov Dünya Bankı (DB) ilə birgə reallaşdırılan "Kadastr və daşınmaz əmlakın qeydiyyatı" layihəsinin başa çatmasına həsr edilmiş tədbirdə deyib.
Onun sözlərinə görə, 2013-cü ildə Azərbaycanda 90 min, 2014-cü ildə isə 205 min daşınmaz əmlak obyekti qeydiyyata alınıb: "Bu layihə sayəsində daşınmaz əmlakın qeydiyyatı prosesi sadələşib və qeydiyyata alınmış daşınmaz əmlak obyektlərinin sayı artıb".
R.Cəlilov qeyd edib ki, indiyədək 3,5 milyon hektar ərazidə inzibati ərazi sərhədləri artıq müəyyən edilib, sahəsi 1,8 milyon hektar ərazini əhatə edən bələdiyyə xəritələri hazırlanıb: "Ölkədə bütün torpaqların vahid kadastr bazasının yaradılması 2019-cu ilə başa çatacaq. Gələn il Gəncə və Şəki üzrə kadastr məlumat bazası yaradılacaq".