Bakı. Maksim Tsurkov - Trend:
Azərbaycan, Gürcüstan, Qazaxıstan və Ukrayna arasında Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə yükdaşımalar üçün vahid tarif siyasəti fevralın ortalarınadək razılaşdırılacaq.
Trend-in məlumatına görə, bunu jurnalistlərə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.
C.Qurbanov bildirib ki, tərəflər arasında Transxəzər Nəqliyyat Marşrutu üzrə yükdaşımalar üçün rəqabətqabiliyyətli güzəştli tariflərin müəyyənləşdirilməsi haqqında imzalanmış protokol layihə xarakterlidir: "Tərəflər bu təkliflərin üzrində işləyəcəklər və fevral ayının ortalarında Çin ərazisindən yüklərin Qazaxıstan, Azərbaycan, Gürcüstan və Ukraynadan keçməklə Avropaya çatdırılması üçün vahid tarif siyasəti razılaşdırılmalıdır".
O, qeyd edib ki, bu marşrut üzrə bir ay ərzində 8-dək qatar hərəkət edə bilər: "Bu, Prezident İlham Əliyevin Azərbaycanın nəqliyyat qovşağına çevrilməsi üzrə verdiyi tapşırıqların icrası ilə əlaqədar növbəti addımdır. Bu tədbirlər ölkəyə yük və valyuta axınını genişləndirməyə imkan verəcək".