Bakı. Trend:
Cenevrə şəhərində Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan Milli Nüvə Tədqiqatları Mərkəzi (MNTM) və Avropa Nüvə Tədqiqatları Mərkəzi (CERN) arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Bu barədə Trend-ə Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi nümayəndəliyindən məlumat verilib.
Sözügedən memorandum CERN-in Böyük Adron Kollayderi layihəsinin ALICE təcrübəsində Avropa Nüvə Tədqiqatları Mərkəzi ilə Milli Nüvə Tədqiqatları Mərkəzi arasında əməkdaşlıq məsələlərini əhatə edir. ALICE CERN-in Böyük Adron Kollayderi layihəsinin aparıcı təcrübələrindəndir. Tərəflər arasında, həmçinin yüksək ixtisaslı kadrların hazırlanması və birgə araşdırmaların aparılması barədə razılıq əldə edilib.
Görüş zamanı Azərbaycanın CERN-ə assosiativ üzvlük məsələsi, Mərkəzdə aparılan tədqiqatlarla bağlı məlumatların ölkəmizdə yaradılmış məlumat mərkəzində saxlanması və emalı, MNTM-in digər layihələrə də qoşulması perspektivləri müzakirə edilib.
İmzalanma mərasimində Azərbaycanı rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Milli Nüvə Tədqiqatları Mərkəzinin sədri Adil Qəribov, MNTM-in nüvə fizikası şöbəsinin rəhbəri Anar Rüstəmov və Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi səfir Vaqif Sadıqov təmsil ediblər.
Qeyd edək ki, CERN 1954-cü ildə 12 Avropa ölkəsinin iştirakı ilə yaradılıb. Hazırda üzv ölkələrin sayı 21-dir. Bundan əlavə, bəzi ölkələr və beynəlxalq təşkilatlar Mərkəzdə assosiativ üzv və müşahidəçi statusuna malikdir. Hazırda CERN-də 2300 daimi elmi işçi çalışır, eyni zamanda 90 ölkənin 600-ə yaxın elmi-tədris müəssisəsindən olan 12500 istifadəçi Mərkəzin beynəlxalq tədqiqatlarında iştirak edir.