Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 12:00-da yayılıb)
Bakı. Azad Həsənli - Trend:
BMT Azərbaycanda keçirilən islahatalara dəstək verməyə hazırdır.
Trend-in məlumatına görə, bunu BMT-nin rezident əlaqələndiricisi Qulam İsakzai 2016-2020-ci illər üçün BMT-Azərbaycan çərçivə sazişinin imzalanması mərasimində deyib.
Onun sözlərinə görə, Azərbaycan üçün vacib dövrdə imzalanır: "Belə ki, hökumət islahatlar aparır və iqtisadiyyatın şaxələndirilməsi üçün strateji yol xəritəsini hazırlayır. BMT bu proseslərin reallaşdırılmasına öz töhfəsini verməyə hazırdır".
İqtisadiyyat naziri Şahin Mustafayev mərasimdə deyib ki, proqramın reallaşdırılması ölkənin hərətərəfli davamlı inkişafına və beynəlxalq strukturlarla birgə fəaliyyətə öz töhfəsini verəcək.
Yeni proqram üç istiqaməti əhatə edir: davamlı və inklüziv iqtisadi inkişafın təşviqi, institusional potensialın, səmərəli ictimai və sosial xidmətlərin gücləndirilməsi, ətraf mühitin idarə edilməsinin modernləşdirilməsi, risklər və təbii kataklizmlərə qarşı davamlılığın artırılmasına dəstəyin verilməsi.