...

Ziyad Səmədzadə: Yol xəritələrinin başlıca məqsədi Azərbaycan iqtisadiyyatının dayanıqlığını təmin etməkdir

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Dekabr 2016 17:02 (UTC +04:00)
Azərbaycan iqtisadiyyatı yeni inkişaf mərhələsinə daxil olub.
Ziyad Səmədzadə: Yol xəritələrinin başlıca məqsədi Azərbaycan iqtisadiyyatının dayanıqlığını təmin etməkdir

Bakı. Samir Əli, Elçin Mehdiyev - Trend:

Azərbaycan iqtisadiyyatı yeni inkişaf mərhələsinə daxil olub. Bu barədə Trend-ə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Onun sözlərinə görə, bu mərhələnin əsas xüsusiyyətləri ondan ibarətdir ki, qloballaşan dünya iqtisadiyyatında çox böyük sarsıntılar baş verir: "Bu sarsıntılar ölkələrin iqtisadi potensialını zəiflədir, sosial gərginliyə səbəb olur. Eyni zamanda onu da qeyd etmək lazımdır ki, dünya bazarında neftin qiymətləri çox sürətlə aşağı düşüb. Qiymətlərin aşağı düşməsi neft hasil edən ölkələrin gəlirlərinə də mənfi təsir göstərib. Belə bir şəraitdə hər bir ölkə, o cümlədən Azərbaycan yeni çağırışlara uyğun olaraq öz iqtisadi siyasətində müəyyən dəyişikliklər etməyi vacib sayır".

Azərbaycanda son illərdə bilavasitə dövlət başçısının təşəbbüsü ilə iqtisadi islahatların dərinləşməsi üçün konkret addımların atıldığını deyən Z.Səmədzadə bildirib ki, bununla bağlı kifayət qədər sərəncam imzalanıb:

İqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri təsdiq edildi

İqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri təsdiq edildi

"Bu sərəncamlarda da iqtisadi fəallığı artırmaq, ölkə iqtisadiyyatının neft sektorundan asılılığını aşağı salmaq, daxili bazarı qorumaq, milli iqtisadiyyatı inkişaf etdirmək, ölkənin iqtisadi təhlükəsizliyinə təsir edən pul, kredit, valyuta sistemində tarazlığın təmin olunması ilə əlaqədar görülən tədbirlər öz əksini tapıb. Bütün bunlar ona yönəlib ki, bu şok vəziyyət, qlobal sarsıntılar, dünya iqtisadiyyatında baş verən xoşagəlməz meyillər, neft gəlirlərinin aşağı düşməsi ilə bağlı iqtisadiyyatımıza dəyən ziyan azalsın. Ona görə Prezidentin təşəbbüsü ilə müvafiq strukturlara mart ayında yol xəritələrinin hazırlanması tapşırılıb. Həmin strukturlar da bunu hazırlayıb".

Yol xəritələrinin hazırlanması ilə bağlı keçirilən bir neçə iclasda iştirak etdiyini deyən komitə sədri hesab edir ki, strateji yol xəritələri Prezidentin fərmanında sadalanan istiqamətlər üzrə hazırlanıb: "Hazırlanan sənədlər mütərəqqi prinsiplərə, metodlara əsaslanır. Başlıca məqsəd ondan ibarətdir ki, Azərbaycan iqtisadiyyatının dayanıqlığı təmin edilsin, keyfiyyətli həyat, iqtisadi inkişaf göstəricilərinə nail olmaq üçün yeni imkanlar açılsın. Hesab edirəm ki, bu sənədlərin hazırlanması və Prezident tərəfindən imzalanması çox müsbət addımdır. Şübhəsiz ki, hədəflər dəqiqləşdiriləcək. Bu istiqamətdə konkret işlər görülür. Hər bir hədəfin ünvanlı olması, onun maliyyə resursları ilə təmin edilməsi imkan verəcək ki, Azərbaycanın gələcəyə istiqamətlənmiş strategiyası daha dəqiq olsun və reallıqlara cavab versin".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti