...

Dövlət Dəniz Administrasiyasının əməkdaşları ilə Avropa Dəniz Təhlükəsizliyi Agentliyinin nümayəndələri arasında görüş olub (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 İyul 2017 10:48 (UTC +04:00)
Dövlət Dəniz Administrasiyasının əməkdaşları ilə Avropa Dəniz Təhlükəsizliyi Agentliyinin nümayəndələri arasında görüş olub.
Dövlət Dəniz Administrasiyasının əməkdaşları ilə Avropa Dəniz Təhlükəsizliyi Agentliyinin nümayəndələri arasında görüş olub (FOTO)

Bakı. Trend:

Bu ilin 11-13 iyul tarixlərində Avropa Dəniz Təhlükəsizliyi Agentliyinin “Qara dəniz və Xəzər dənizi regionunda dəniz üzgüçülüyünün təhlükəsizliyi, əmniyyətli idarəetmə və dəniz mühitinin mühafizəsi” layihəsi çərçivəsində Agentliyin nümayəndələri və Dövlət Dəniz Administrasiyasının əməkdaşlarının iştirakı ilə görüş keçirilib.

Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, “Qara dəniz və Xəzər dənizi regionunda dəniz üzgüçülüyünün təhlükəsizliyi, əmniyyətli idarəetmə və dəniz mühitinin mühafizəsi” layihəsi çərçivəsində müəyyən edilən sahələr üzrə Azərbaycanın dəniz üzgüçülüyünün inkişafının təmin edilməsi və mövcud boşluqların aradan qaldırılması ilə əlaqədar qarşılıqlı şəkildə razılaşdırılmış fəaliyyət istiqamətlərini müəyyən etmək məqsədilə Avropa Dəniz Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə keçirilən görüşdə bildirildi ki, bu layihə Xəzər dənizi və Qara dəniz sahilyanı ölkələrinə layihə çərçivəsində texniki yardım və dəstək göstərərək milli, Avropa və beynəlxalq tərəfdaşların iştirakı ilə dəniz üzgüçülüyünün təhlükəsizliyi, əmniyyətli idarəetmə və dəniz mühitinin mühafizəsi standartlarını yüksəltmək məqsədi güdür.

Azərbaycan Respublikasının iqtisadiyyatının bütün sahələri kimi dəniz nəqliyyatı sahəsinin də inkişaf etdirilməsinin Prezident cənab İlham Əliyevin diqqət mərkəzində olduğunu vurğulayan Dövlət Dəniz Administrasiyasının nümayəndələri dövlət başçısının xüsusi diqqət və qayğısı sayəsində dəniz nəqliyyatı sahəsinin dinamik inkişafı üçün böyük imkanlar yaradıldığını qonaqların diqqətinə çatdırdılar.

Görüş zamanı Dövlət Dəniz Administrasiyasının fəaliyyəti, vəzifə və səlahiyyətləri, eyni zamanda aidiyyəti dövlət orqanlar ilə qarşılıqlı fəaliyyəti barədə təqdimat keçirilib. Təqdimat zamanı Agentlik nümayəndələrinin beynəlxalq konvensiyaların tətbiqi və beynəlxalq hüquqi normaların milli qanunvericilikdə mövqeyi barəsində verilən sualları ətraflı cavablandırılıb. Azərbaycan Respublikasının dəniz üzgüçülüyünün təhlükəsizliyi və əraf mühitin mühafizəsi sahəsində formalaşdırılmış normativ hüquqi bazasının Beynəlxalq Dəniz Təşkilatının konversiyalarının tələblərinə və Avropa standartlarına uyğunluğu barədə qonaqlara məlumat verilib.

Beynəlxalq Dəniz Təşkilatının Audit Ekspert Qrupu tərəfindən 28 may - 6 iyun tarixlərində Dövlət Dəniz Admnistrasiyasında həyata keçirilən audit yoxlamasının tam obyektivliyə əsaslanan nəticələrinə əsasən Respublikamızın 172 dünya dəniz dövləti sırasında ən qabaqcıllar olan Avropa və Skandinaviya dövlətlərini geridə qoyaraq statistika üzrə ön sırada yer tutması münasibəti ilə təbriklərini çatdıran Avropa Dəniz Təhlükəsizliyi Agentliyinin nümayəndələri Dövlət Dəniz Administrasiyasının beynəlxalq standartlarına uyğun fəaliyyətini müsbət dəyərləndirdilər. Azərbaycanın dəniz nəqliyyatı sahəsində mövcud təcrübəsi və Dövlət Dəniz Administrasiyasının məlum uğurlarını xüsusi vurğulayan Avropa Dəniz Təhlükəsizliyi Agentliyinin nümayəndələri bu fəaliyyətin Dəniz Administrasiyalarını formalaşdırmaqda olan ölkələlər üçün örnək ola biləcəyini qeyd etdilər.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında iqtisadiyyatımızın strateji cəhətdən mühüm sahələrindən biri olan dəniz nəqliyyatı sahəsində formalaşdırılmış siyasətə uyğun olaraq həyata keçirilən davamlı islahatlar və bu məqsədlə təsdiq olunmuş mövcud normativ hüquqi aktlar, habelə dəniz üzgüçülüyünün təhlükəsizliyi, dənizdə insan həyatının və dəniz mühitinin mühafizəsi sahəsində məqsədyönlü və ciddi tədbirlərin həyata keçirilməsi Avropa Dəniz Təhlükəsizliyi Agentliyinin nümayəndələri tərəfindən xüsusi rəğbətlə qarşılandı.

Görüşün sonunda Administrasiyanın fəaliyyətinin daha da effektiv formada həyata keçirilməsi üçün müvafiq sahələrdə Agentlik tərəfindən treninq və seminarların həyata keçirilməsi barədə razılıq əldə edildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti