...

Azərbaycan və İran gömrük məntəqələrinin 24 saatlıq rejimə keçirilməsini müzakirə ediblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Oktyabr 2017 13:38 (UTC +04:00)
Azərbaycan və İran arasında gömrük məntəqələrinin 24 saatlıq iş rejiminə keçirilməsi müzakirə edilib.
Azərbaycan və İran gömrük məntəqələrinin 24 saatlıq rejimə keçirilməsini müzakirə ediblər

Bakı. Trend:

Azərbaycan və İran arasında gömrük məntəqələrinin 24 saatlıq iş rejiminə keçirilməsi müzakirə edilib.

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, oktyabrın 27-də Komitənin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev ölkəmizdə səfərdə olan İran İslam Respublikasının iqtisadiyyat və maliyyə naziri, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Məsud Kərbasian ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini söyləyən A.Əliyev bildirib ki, bütün sahələrdə, o cümlədən, gömrük sferasında qarşılıqlı əməkdaşlıq yüksək səviyyədədir. Komitə sədri bu kimi səfərlərin qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi və davamlı inkişafına töhfə verdiyini qeyd edərək, istər gömrük xidməti rəhbərləri səviyyəsində, istərsə də sərhəd-gömrük buraxılış məntəqələrində mütəmadi xarakter alan ikitərəfli görüşlərin ölkələrimizin gömrük sahəsi üzrə mövcud əməkdaşlığının davamlı inkişafına müsbət təsirindən danışıb. DGK sədri qarşılıqlı birgə fəaliyyətin bundan sonra da intensivləşdirilməsinin vacibliyini diqqətə çatdırıb.

M.Kərbasian isə Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlər, gömrük sferasında həyata keçirilən son islahatlar və əldə edilən uğurlardan məmnunluqla söhbət açıb və bu kimi tədbirlərin iqtisadi və ticari əlaqələrin daha da genişlənməsi işinə töhfə verəcəyinə əminliyini ifadə edib. Əlaqələrin daha geniş vüsət alması üçün İran, Azərbaycan və Rusiya gömrük xidməti rəhbərlərinin üçtərəfli görüşlərinin keçirilməsinin əhəmiyyətinə toxunanMəsud Kərbasian gələcəkdə bu təklifin reallaşacağına ümid etdiyini bildirib. İranlı nazir, eyni zamanda, Şahtaxtı-Poldəşt gömrük-sərhəd keçid məntəqəsinin 12 saatlıq, Biləsuvar və Astara gömrük-sərhəd keçid məntəqələrinin isə 24 saatlıq iş rejiminə keçirilməsi, eləcə də Aslandüz-Horadiz gömrük-sərhəd keçid məntəqəsinin açılmasının əhəmiyyətini vurğulayıb və bu istiqamətdə görülən işlərlə bağlı müzakirələr aparılıb.

Eyni zamanda, görüşdə gələn həftə Kolumbiyanın Kartagena şəhərində gömrük məsələlərinə dair gerçəkləşəcək beynəlxalq tədbirlərlə, Ümumdünya Gömrük Təşkilatının baş katibi və müavinləri vəzifəsinə keciriləcək seçkilərlə, eləcə də noyabr ayında Pakistanın İslamabad şəhərində baş tutacaq İqtisadi Əməkdaşlıq Təşkilatı Gömrük Xidməti Rəhbərlərinin iclasında müzakirə ediləcək məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə də iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti