...

"Moody's" Azərbaycan Beynəlxalq Bankının reytinqlərini yüksəldib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Yanvar 2018 18:05 (UTC +04:00)
Moody’s Beynəlxalq Reytinq Agentliyi 26 yanvar 2018-ci il tarixli qərarı ilə Azərbaycan Beynəlxalq Bankının reytinqlərini yüksəldib.
"Moody's" Azərbaycan Beynəlxalq Bankının reytinqlərini yüksəldib

Bakı. Trend:

Moody’s Beynəlxalq Reytinq Agentliyi 26 yanvar 2018-ci il tarixli qərarı ilə Azərbaycan Beynəlxalq Bankının reytinqlərini yüksəldib.

Bankdan Trend-ə verilən məlumata görə, bankın xarici və yerli valyutada olan uzunmüddətli reytinqləri Caa1 səviyyəsindən B3 səviyyəsinə qaldırılıb. Baza kredit qiymətləndirilməsi (BCA) caa3 pilləsindən caa2 pilləsinə, qarşı tərəf uzunmüddətli risk qiymətləndirilməsi isə B3(cr) pilləsindən B2(cr) pilləsinə yüksəlib. Bankın uzunmüddətli depozit reytinqləri pozitiv proqnozla dəyərləndirilib.

Agentliyin yeni reytinqlərlə bağlı şərhində bu müsbət dəyişikliklərin Azərbaycan Beynəlxalq Bankının aktiv və öhdəliklərinin restrukturizasiyasının nəticələrini əks etdirdiyi bildirilib. Bankın kapital mövqeyinin güclənərək müəyyən edilmiş normativ tələblər səviyyəsini ötməsi, problemli aktivlərin ötürülməsi nəticəsində kredit portfelinin keyfiyyətinin yaxşılaşması da qeyd edilib. Eyni zamanda, bildirilib ki, verilən dövlət dəstəyi ilə yanaşı, bank tərəfindən xərclərinin optimallaşdırılması və gəlirliliyinin artırılması istiqamətində həyata keçirilən tədbirlər onun mənfəətliyini də bərpa edib.

Agentliyin rəyində vurğulanıb ki, görülmüş tədbirlər nəticəsində bankın birinci dərəcəli kapitalının adekvatlıq əmsalı 20,8%-ə yüksəlib, kapitalının risk dərəcəsi üzrə ölçülmüş aktivlərinə nisbəti (Tangible Common Equity to RWAs) əmsalı isə 16.8% təşkil edib. Bununla Azərbaycan Beynəlxalq Bankı MDB məkanında ən yaxşı kapital göstəricisinə malik banklardan biri olub.

Rəydə o da qeyd olunub ki, gələcək inkişaf göstəricilərindən asılı olaraq növbəti mərhələlərdə bankın reytinqləri yenə yüksəldilə bilər.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti