...

Sahibkarlığa başlamaq istəyənlər üçün yeni maliyyələşmə mexanizmləri yaradılacaq - Orxan Məmmədov

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Sentyabr 2022 14:56 (UTC +04:00)
Sahibkarlığa başlamaq istəyənlər üçün yeni maliyyələşmə mexanizmləri yaradılacaq - Orxan Məmmədov

Trend-i buradan izləyin

Bakı. Trend:

Sahibkarlıq fəaliyyətinə başlamaq və mövcud fəaliyyətini genişləndirmək istəyənlər, xüsusilə kiçik və orta bizneslər üçün yeni maliyyələşmə mexanizmləri yaradılacaq.

Trend-in məlumatına görə, bunu “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun layihəsinin müzakirəsində çıxışı zamanı KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

O bildirib ki, bu gün iqtisadi və sosial inkişafın səmərəliliyinə nail olmaq, iqtisadi inkişaf və yüksəlişdən bəhrələnmək üçün cəmiyyətdə KOB-ların mövcud potensial imkanlarından istifadə olunması mühüm əhəmiyyət kəsb edir.

"Bildiyiniz kimi, ölkəmiz keyfiyyətcə yeni olan strateji inkişaf mərhələsinə daxil olub. 22 iyul 2022-ci il tarixində cənab Prezidentin müvafiq sərəncamı ilə təsdiq edilmiş “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ölkə iqtisadiyyatında KOB-ların payının artırılması istiqamətində nəticəyönümlü tədbir və layihələrin həyata keçirilməsi üzrə vacib tapşırıqlar verilmişdir. Beləki, sözügedən stimullaşdırıcı tədbir və layihələr çərçivəsində mövcud dəstək mexanizmlərindən istifadə edən KOB-ların əhatə dairəsinin genişləndirilməsi, o cümlədən yeni, daha səmərəli, ünvanlı və nəticəyönümlü dəstək alətlərinin yaradılması və tətbiqi ilə ölkədə mövcud biznes mühitinin inkişafı daha da sürətlənəcəkdir. Strategiyada maliyyə dəstəyi alan sahibkarların iqtisadi və maliyyə göstəricilərinin yaxşılaşması, KOB xidmətlərindən istifadə edən təsərrüfat subyektlərinin sayının və məmnunluq səviyyəsinin artması, biznes mühitinə dair sahibkarların məlumatlılıq səviyyəsinin yüksəlməsi və bu sahədə beynəlxalq reytinq göstəricilərinin yaxşılaşması, özəl sektor tərəfindən innovativ layihələrin sayının və əhatə dairəsinin artması kimi ölçüləbilən göstəricilər müəyyən edilib. Nəticədə, sahibkarlıq fəaliyyətinə başlamaq və mövcud fəaliyyətini genişləndirmək istəyənlər, xüsusilə kiçik və orta bizneslər üçün yeni maliyyələşmə mexanizmləri yaradılacaqdır. Bu əsasda sahibkarlara dəstək üzrə sərf olunan maliyyə vəsaitinin 20‒30%-nin mikro, 35‒45%-nin kiçik və 25‒35%-nin orta sahibkarlara yönəldilməsi hədəflənir".

O.Məmmədovun sözlərinə görə, qeyd edilən hədəflərə çatmaq üçün verilən tapşırıqların icrası istiqamətində KOBİA sahibkarlığın inkişafını təşviq etmək, biznes təşəbbüslərinin reallaşdırılması və sahibkarların sayının daha da artması üçün müvafiq tədbirlər həyata keçirir:

"Sahibkarlara yeni dəstək mexanizmləri təklif olunur, mövcud dəstək mexanizmləri də getdikcə təkmilləşdirilir və bu zaman daha çevik, həmçinin optimal və sahibkara daha əlçatan olan alətlərin formalaşdırılmasına üstünlük verilir. Hazırda KOBİA tərəfindən sahibkarlara və startaplara “Daxili bazar araşdırmalarına dövlət dəstəyi”, “Startap şəhadətnaməsinin verilməsi” “Təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi”, “Ticarət şəbəkələrinə çıxış”, sərgilərdə iştirak, bilik və bacarıqlarının artırılması istiqamətində dəstək tədbirləri təkilf olunur.

Qeyd edim ki, Qanun layihəsinin hazırlanması da belə tədbirlərdən biridir və biznes mühitinin yaxşılaşdırılmasına yönəlmiş dərin islahatların təkib hissəsi kimi dəyələndirilə bilər. Belə ki, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanının müvafiq bəndinin icrasını təmin etmək məqsədilə sözügedən Qanun layihəsi hazırlanmışdır. Qanun layihəsi hazırlanan zaman beynəlxalq təcrübə öyrənilmiş, sahibkarlıq sahəsində mövcud qanunvericilik təhlil edilmiş, o cümlədən aidiyyəti dövlət qurumlarının və digər maraqlı tərəflərin iştirakı ilə müzakirə və görüşlər keçirilmişdir. Xatırladım ki, Qanunun ölkə ictimaiyyəti üçün əhəmiyyətini nəzərə alaraq 2018-ci il 20 noyabr tarixində Azərbaycan Respublikasının Milli Məclisində millət vəkillərinin, beynəlxalq təşkilatların və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə ilkin layihənin ictimai müzakirəsi təşkil olunmuş və səsləndirilmiş səmərəli təkliflər Qanun layihəsinin təkmilləşdirilməsi zamanı nəzərə alınmışdır. Qanun layihəsi ilə bağlı Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyasının, Avropa İttifaqının, Avropa Yenidənqurma və İnkişaf Bankının ekspertlərinin rəyləri də nəzərə alınmışdır.

Qanun layihəsinin üstünlüklərinə gəldikdə isə qeyd edə bilərəm ki, beynəlxalq təcrübədən bəhrələnərək hazırlanan və müasir tələblərə cavab verən hüquqi tənzimləmə tətbiqini özündə ehtiva edən Qanunun həyata keçirilməsi ölkəmizin sosial-iqtisadi inkişafına öz töhfəsini verəcəkdir. Qanun layihəsi KOB-ların inkişafı üçün dövlətin dəstək göstərilməsi sahəsində proqramı, prosedur qaydaları əhatə etməklə, bu sahədə pərakəndəliyi aradan qaldırmaq və ümummilli inkişafa nail olunması məqsədini əsas tutur. Qanunla KOB-ların inkişafına cavabdeh olan qurumların əsas fəaliyyət istiqamətləri müəyyən olunur, habelə KOB-ların inkişafı sahəsində dövlət və qeyri-dövlət qurumlarının hər birinin ayrı-ayrılıqda rolu, birgə fəaliyyəti və əməkdaşlığı məsələsi tənzimlənir. KOB-ların inkişafının tənzimlənmə obyekti kimi Qanun dövlətin bu sahədə siyasətini həyata keçirən orqanlarının üzərinə vəzifələr qoymaqla dövlət-sahibkar münasibətlərinin səmərəli təşkilini təmin etmiş olacaqdır. Qanun layihəsində dəstəyin formaları, şərtləri, qaydası, monitorinqinin və qiymətləndirilməsinin aparılması məsələləri də qeyd olunur ki, nəticədə KOB subyektləri onlara verilən üstünlüklərdən faydalanmış olacaqlar.

Çıxışımın sonunda bildirmək istərdim ki, Qanunun tətbiqi rəqabətqabiliyyətli biznes mühitinin inkişafını gücləndriməklə investisiya cəlbediciliyinə, həmçinin vətəndaşların daha çox sahibkarlıq fəaliyyətinə cəlb edilməsinə və gələcəkdə məşğulluğun daha da artmasın təkan verəcəkdir", - Agentlik sədri qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti