Bakı. Trend:
Türkiyə və Azərbaycanın bank sektorunun rəqəmsallaşdırılması sahəsində birgə layihələri regional rəqabət qabiliyyətini artıracaq və beynəlxalq arenada mövqelərini gücləndirəcək.
Trend xəbər verir ki, bu barədə Türkiyənin Bank Nəzarəti və Tənzimlənməsi İdarəsinin sədr müavini Mustafa Aydın VIII Beynəlxalq Bankçılıq Forumu çərçivəsində bildirib.
“Türkiyədə tətbiq olunan tənzimləmələr maliyyə qurumlarının əməliyyatlarının təhlükəsizliyini və şəffaflığını təmin edir, investorların etimadını artırır və onların diqqətini cəlb edir. Azərbaycanda da oxşar yanaşmanın tətbiqi yerli və beynəlxalq investorların etimadını gücləndirəcək və ölkənin inkişafına töhfə verəcək. Rəqəmsallaşma ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsi üçün unikal imkanlar yaradır.
Rəqəmsal bankçılıq və ödəniş sistemlərinin modernləşdirilməsi yalnız iqtisadi artıma deyil, həm də vətəndaşların maliyyə xidmətlərinə daha asan çıxışını təmin edərək onların iqtisadi müstəqilliyini gücləndirir. Türkiyə və Azərbaycanın bu sahədə birgə layihələri regional rəqabət qabiliyyətini artıracaq və beynəlxalq arenada mövqelərini gücləndirəcək.
Azərbaycanda sürətlə inkişaf edən fintex ekosistemi ilə Türkiyənin uzun illərə dayanan təcrübəsi arasında sinerji regional liderlik üçün şərait yaradacaq.
Bu cür əməkdaşlıq təkcə bank sektoruna deyil, həm də istehlakçılara, yerli biznesə və sahibkarlara fayda gətirəcək”, - deyə M.Aydın vurğulayıb.