"Vergi orqanının qərarı ilə razılaşmadıqda onu məhkəməyə vermək hər bir vergiödəyicinin hüququdur ". Bu barədə senytabrın 7-də vergilər nazirinin müavini Natiq Əmirov Garadag Cement ATSC-nin Vergilər Nazirliyini məhkəməyə vermək barədə niyyətini şərh edərkən Trend ə bildirib.
"Əgər məhkəmə olarsa, o zaman biz öz mövqeyimizi təqdim edəcəyik ", - deyə vergilər nazirinin müavini bildirib.
Şirkətin əsas borcu ödədiyi üçün maliyyə sanksiyası şəklində ödmədən azad edilməsinin mümkünlüyü barədə sualı şərh edərkən N.Əmirov qeyd edib ki, Garadag Cement -in vergini ödəməsi məsələsi müzakirə olunarkən şirkətin təklifləri də nəzərdən keçiriləcək, həmçinin onların tələblərinin əsaslı olmasına da baxılacaq.
Bundan əvvəl Garadag Cement 13 milyard manatdan artıq məbləğdə əsas vergi borcunu ödəyib. Borcun qalığı isə 3 milyard manat təşkil edir ki, bu qalıq və cərimələr nəticəsində əmələ gəlib.
Qeyd edək ki, Vergilər Nazirliyi yanında cinayətlərin ilkin araşdırılması Departamenti müəssisəyə qarşı 213.4 saylı maddə üzrə (böyük miqdarda vergidən yayınma) cinayət işi qaldırıb. Fevralın 21-dən mayın 24-nə kimi müəssisədə aparılan və müəssisənin 2003-cü ilin 1 yanvarından 2005-ci ilin 1 yanvarına kimi dövrü əhatə edən yoxlamaların nəticələri göstərib ki, vergm orqanlarına mədaxil və məxaric haqqında təhrif olunmuş mühasibat sənədləri təqdim olunub. Beləliklə, aydın olub ki, ATSC dövlət büdcəsindən ümumi həcmi 13 289,5 milyon manat olan vergidən yayınıb.