Azərbaycanın Vergilər Nazirliyində Beynəlxalq Valyuta Fondunun Bakıda olan BVF-nin Yaxın Şərq və Mərkəzi Asiya (MCD) departamentinin direktor müavini Vitali Kramarenkonun başçılığı altında missiya ilə görüş keçirilib.
Nazirlikdən Trend ə verilən məlumata əsasən, görüşdə ötən il ərzində vergi daxilolmalarının vəziyyətinə baxılıb, həmçinin 2007-ci il üçün proqnozlar və həyata keçirilən vergi siyasəti müzakirə olunub.
Vergilər naziri F. Məmmədov qonaqları vergi yığımları ilə bağlı olan büdcə proqnozları, neft və qeyri-neft sektorundan daxilolmaların strukturu və vergi borcları barədə məlumatlandırıb. Nazir həmçinin vergi siyasəti üzrə ortamüddətli perspektivlər barədə də danışıb. "Ölkədə iqtisadi yüksəliş, vergi nəzarətinin təkmilləşdirilməsi nəticəsində qeyri-neft sahəsindən daxil olan vergilər tempi bu sahədə olan ümumi göstəriciləri üstələyib", deyə F. Məmmədov bildirib.
Vergi borcalırının azaldılması istiqamətində də irəliləyişlər müəyyən olunub. Hazırda vergi borcları vergiödəyicilərinin səkkiz faizində qalıb və bunun aşağı salınması üçün işlər bu il də davam etdiriləcək.
V.Kramarenko qeyri-neft sahəsindəki əhəmiyyətli yüksəlişi müsbət tendensiya adlandıraraq vergilər nazirliyinin vergi borclarının azaldılması istiqamətindəki cəhdlərini dəstəkləyib. Görüşdə həmçinin BVF-nin ölkənin vergilər sisteminin inkişafına texniki yardımın göstərilməsi imkanları da nəzərdən keçirilib. Onlar arasında vergi borclarının azaldılması, ƏDV adminstrasiyasının təkmilləşdirilməsi, uzunmüddətli perspektivdə makroiqtisadi göstəricilərin yüksəlişi ilə əlaqədar büdcə proqnozlarının hazırlanmasına təsirini müəyyənləşdirmək üçün vahid metodologiyanın hazırlanması qeyd olunub.