...

SSRİ dövründən banklarda qalan əmanətlərin qaytarılmasını nəzərdə tutan qanun layihəsi hazırlanır

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 May 2007 15:59 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan vətəndaşlarının SSRİ dövründən banklarda qalan əmanətlərinin qaytarılması ilə bağlı hökumətdə fikir ayrılığı var. Bu barədə cümə günü Bakıda Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının üzvü, millət vəkili Vahid Əhmədov məlumat verib.

Onun sözlərinə görə, Prezident Aparatında batmış əmanətlərin qaytarılması məsələsini tənzimləyəcək qanun layihəsi hazırlanır. Qanun layihəsi hələ də Milli Məclisə təqdim olunmayıb: "Parlament əmanətlərin qaytaralması haqqında qanun layihəsini qəbul etməlidir ki, büdcədən bu məsələyə vəsait ayırmaq mümkün olsun. Əmanətlərin qaytarılması üçün 2006-cı ilin dövlət büdcəsindən 50 milyon manat ayrılmışdı. Lakin qanun layihəsi qəbul edilmədiyinə görə, bu vəsait istifadə olunmayıb".

Millət vəkili qeyd edib ki, əsas problem qaçqın və məcburi köçkünlərin SSİR dövründən banklarda qalan əmanətlərinin qaytarılması ilə bağlıdır. Çünki qaçqın və məcburi köçkünlərin böyük əksəriyyətinin əmanət kitabçaları yoxdur: "Bu məsələni dəqiqləşdirmək, həmin kitabçaları müəyyən etmək məsələsində fikir ayrılığı yaranıb. Bundan başqa, əmanətlərin ödənilməsi məsələsində də ziddiyyətli mövqelər var. Amma istənilən halda bu əmanətlər qaytarılmalıdır".

Əhmədov vurğulayıb ki, hökumət qanun layihəsini təqdim etsə, Milli Məclis onu qısa müddətdə qəbul edəcək ki, əhalinin əmanətləri qaytarılsın.

Onun fikrincə, əmanətlərin bir hissəsini qiymətlər kağızlar, digər hissəsini nəqd pul formasında qaytarmaq olar. Bu işi 5-8 ilə həyata keçirmək mümkündür.

Xəbər lenti

Xəbər lenti