Azərbaycan, Bakı/ Trend müxbir Ü.İsmayılova/ Azərbaycan 2008-2009-cu illərdə ÜTT-yə daxil ola bilər. Bunu çərşənbə axşamı Alman-Azərbaycan energetika forumunda xarici işlər nazirinin müavini, Azərbaycanın ÜTT-yə daxil olması üzrə Danışıqlar qrupunun rəhbəri Mahmud Məmmədquliyev bildirib.
Məmmədquliyevin sözlərinə görə, hazırda Danışıqlar qrupu keçirilən görüşləri müzakirə edir və ikitərəfli danışıqlara hazırlaşır.
"İyunun 22-də Cenevrədə keçirilən görüşün nəticəsi olaraq biz hesab edirik ki, Azərbaycan qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində işlər aparmalıyıq" - deyə o bildirib.
Ayın sonuna qədər Danışıqlar qrupu təklifləri hazırlayacaq və sentyabr-oktyabrda keçiriləcək görüşdə müzakirə olunmaq üçün ÜTT katibliyinə göndərəcək.
Indiyə qədər Azərbaycan ÜTT ilə dörd görüş keçirib. İlk iki görüş xarici ticarət rejiminin müzakirəsinə həsr olunmuşdu. 2005-ci ildən keçirilən son iki görüşdə isə ölkə tam miqyaslı danışıqlara başlayıb.
İkitərəfli danışıqlar Azərbaycan bazarına məhsul və xidmətlərin daxil olması, çoxtərəfli danışıqlar isə kənd təsərrüfatına daxili yardım və bu sahədə ixrac subsidiyaları ilə bağlıdır.
1997-ci ildən Azərbaycan ÜTT-də müşahidəçi statusu ilə təmsil olunur.