Azərbaycan, Bakı/ Trend / Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının cümə axşamı keçirilən növbəti iclasında Səhiyyə Nazirliyinin tabeliyində olan təsərrüfat subyektləri tərəfindən dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatına alınması xidmətlərinə baxılıb.
Tarif Şurasının cümə günü yaydığı məlumata əsasən, dərman vasitələri və maddələrinin ekspertiza tariflərinin xidmət növləri üzrə təsnifatlaşdırılmaqla təsdiq olunması qərara alınıb. Yeni tariflər isə 20 manatla 1100 manat arasında dəyişir.
Məlumatda göstərilir ki, bu tariflər Rusiya, Ukrayna və Belarusiyada uyğun olaraq 10450, 7112 və 4590 manat təşkil edir. Səhiyyə Nazirliyi üzrə təsdiq olunmuş tariflər sentyabr ayının 1-i tarixindən tətbiq ediləcək.
Şuranın iclasında şəhər icra hakimiyyətlərinin nəzdində fəaliyyət göstərən Şəhər Ərazisinin Tikinti Planlaşdırma idarələri tərəfindən göstərilən bir sıra şəhərsalma xidmətlərinin tariflərinin tənzimlənməsi ilə bağlı daxil olan təkliflər də müzakirə edilib. Bu təklif üzrə təkmilləşdirmə işlərinin aparılması və onun yenidən işlənməsi qərara alınıb.