Azərbaycan, Bakı/ Trend müxbir Ü.İsmayılova/ Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov nazirliyik yanında Əmək Müfəttişliyinin işindən narazılığını bildirib. Bunu çərşənbə günü Müfəttişliyin rəhbəri Nəbi Şükürlü söyləyib.
Bu gün saat 14.30-da Füzuli Ələkbərov Bakının mərkəzi küçələrindən birində uçan 16 mərtəbəli bina ilə əlaqədar Əmək Müfəttişliyinin əməkdaşları ilə təcili müşavirə keçirib.
Çərşənbə axşamı saat 17:00 radələrində "Mütəfəkkir" şirkəti tərfindən tikilən bina uçub. Şirkətin təmsilçisi Əsgər Əliyev Azərbaycan Cinayət Məcəlləsinin 222-ci maddəsi (tikinti, mədən işlərinin və digər işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma) ilə saxlanılıb.
Şükürlü söyləyib ki, müşavirə zamanı nazir keçirilən reydlərdən sonra müfəttişliyin fəaliyyətindən narazı qaldığını bildirib.
Əmək Müfəttişliyinin yanvar-iyun aylarında Bakının tikinti obyektlərində apardığı reydlər zamanı texniki təkhlükəsizlik qaydalarının pozulması ilə bağlı 470 fakt müəyyən olunub. Bu dövrdə tikintilərdə baş verən bədbəxt hadisələr nəticəsində 13 nəfər həlak olub.
"Nazir bildirib ki, Müfəttişlik hətta şirkətlərə qanun pozuntusuna görə verilən yoxlama müddəti bitdikdən sonra da reydlər keçirməlidir", - deyə Şükürlü söyləyib.
Reydlər zamanı qanunpozuntusu aşkar edildiyi təqdirdə Əmək Müfəttişliyi şirkət rəhbərlərlinə müvafiq göstərişlər verir. Şirkət müfəttişliyin tapşırıqlarını yerinə yetirməkdən yayınarsa hüquqmühafizə orqanlarına müraciət olunur. Sonra isə Müfəttişlik demək olar ki şirkətin vəziyyətini yoxlamır.