Azərbaycan, Bakı, 04 mart / " müxbir A.İsmayıılova/ Bir neçə aydan sonra Azərbaycan dövləti "Azəri-Çiraq-Günəşli" yatağından hasil olunan Azeri Light növlü yüngül neftin 80 faizini əldə etməyə başlayacaq. Bu barədə çərşənbə axşamı ölkənin Xanlar rayonunda səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev bildirib. Hasil olunan neftin yerdə qalan 20 faizini isə layihə üzrə xarici tərəfdaşlar alacaq.
"Azəri-Çıraq-Günəşli" yatağından hasil olunan yüngül neft 1994-cü ildə imzalanan və PSA tipli müqavilə ilə müəyyən olunan R-faktor əsasında Azərbaycan hökuməti və layihə üzrə xarici tərəfdaşlar arasında bölünür. R-faktor xüsusilə neftin dünya qiymətindən asılı olaraq dəyişir. Ötən il Azərbaycan dövləti yataqlardan hasil olunan neftin yalnız 30 faizini, xarici tərəfdaşlar isə 70 faizini əldə edib. Bəzi məlumatlara görə, 2008-ci il yanvarın 1-dən Azərbaycan dövləti "Azəri-Çıraq-Günəşli" yatağından hasil olunan neftin artıq 55 faizini, xarici tərəfdaşlar isə 45 faizini əldə edəcək.
Dövlət başçısının sözlərinə görə, digər neft hasil edən ölkələr 50-60 il ərzində neft hasilatının bölünməsinə müvəffəq olublar.
"Azəri-Çıraq- Günəşli" iri dəniz yatağının işlənmə layihəsinin iştirakçıları qismində bu şirkətlər çıxış edir: BP (operator- 34,1367% iştirak payı), "ChevronTexaco" (10, 2814%), ARDNŞ (10%), İNPEX (10%), "Statoil" (8, 5633%), "ExxonMobil" (8,006%), TRAO (6,75%), "Devon Energy" (5,6262%), "İtochu" (3,9205%), "Delta Hess" (2,7213). Layihəyə lazımi kapital yatırımları 20 mlrd. dollar təşkil edir.