...

Azərbaycan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə neft nəqlini bərpa edib

Energetika Materials 21 Avqust 2008 13:18 (UTC +04:00)
Azərbaycan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə neft nəqlini bərpa edib

Azərbaycan, Bakı, 21 avqust / Trend , müxbir E.İsmayılov, S.İlhamqızı/ Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Azərbaycan neftinin nəqli dünəndən bərpa olunub. Bu barədə cümə axşamı Trend -a telefonla "Botas International Limited" şirkətinin KİV ilə iş şöbəsinin rəhbəri Hüseyn Saqır bildirib. Boru kəmərinin əvvəllər zədələnən Türkiyə hissəsində aparılan təmir işlərindən sonra ilk Azərbaycan nefti Ceyhana daxil olub, indi onun terminaldakı çənlərə doldurulması prosesi gedir.

"Neft nəqlinə dünən başlanılıb. Dünən boru kəməri hissəsinin təmiri və testdən keçirilməsi başa çatıb, hazırda nəql davam edir. Neft artıq Ceyhandadır və çənlərə doldurulur", - deyə Saqır bildirib. Gələn həftədən neftin tankerlərə yüklənməsinə başlanacaq.

Regional neft daşıma bazarındakı mənbədən verilən məlumata görə, tankerlərin avqustun 25-də Ceyhana gələcəyi gözlənilir.

Avqustun 5-də axşam BTC neft kəmərinin Türkiyənin Ərzincan ərazisindən keçən hissəsində partlayış olub və nəticədə 30 nömrəli nasosda yanğın baş verib, yanğın sonradan söndürülüb.

BTC neft kəmərinin ümumi uzunluğu 1768 km-dır. Boru kəmərinin 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i isə Türkiyə ərazisindən keçir. Boru kəmərinin tikintisinə 2003-cü ilin aprel ayında başlanılıb, kəmərin neftlə doldurulması isə 2005-ci il mayın 18-da həyata keçirilib.

BTC-nin tikintisi 4 mlrd. dollara başa gəlib. Tikinti işləri, boru kəmərinin doldurulması, maliyyə xərcləri və bank faizlərinin ödənilməsi bu xərclərə daxil deyil. Maliyyə kreditinin ümumi məbləği 2,6 mlrd. təşkil edir.

"BTC Co"nun səhmdarları: BP (30,1 faiz); "AzBTC" (25 faiz); "Chevron" (8,9 faiz); "StatoilHydro" (8,71 faiz); "TRAO" (6,53 faiz); "Eni" (5 faiz); "Total" (5 faiz); "Itochu" (3,40 faiz); "Inpex" (2,5 faiz); "ConocoPhillips" (2,50 faiz) və "Hess" (2,36 faiz) şirkətləridir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti