...

Gürcüstanın Kulevi limanında gəmi qəzasının səbəbi xilasetmə işləri olub

Energetika Materials 3 Oktyabr 2008 18:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 oktyabr/ Trend , müxbir E.İsmayılov/ Gürcüstanın Kulevi Qara dəniz limanında dənizin dibini dərinlətmə işləri aparan Ukraynanın "Skadovsk" gəmisində qəza nəticəsində bir nəfər həlak olub, iki nəfər itkin düşüb, - terminaldan cümə günü bildiriblər. Aralarında gəmi kapitanının da olduğu iki ekipaj üzvünün cəsədlərinin axtarışı üzrə işlər davam etdirilir.

"Gəmi cümə günü fırtına nəticəsində (6 -7 ballıq fırtına) Gürcüstan vaxtı ilə səhər saat 5 - də çevrilib. Sentyabrın 30 - da bu gəmi saya oturub və deşilib. Sonra Ukraynadan mütəxəssislər gəlib və "Skadovsk"u yedək vasitəsilə çıxarmağı qərara alıblar. Yedəkləmə işləri zamanı gəmi çevrilib", - terminaldan bildiriblər.

Gəminin göyərtəsində olan 31 nəfərin 28- i xilas edilib.

Qəza terminalın işinə heç bir şəkildə təsir göstərməyib. Gəmilərin limana daxil olmasına maneə yoxdur. Hazırda sifariş olmadığından, terminalda yükləmə işləri aparılmır.

Dənizin dibinin dərinləşdirilməsi işləri iri gəmilərin limana daxil olmasına şərait yaradılması üçün aparılıb.

SOCAR şirkətinin (Azərbaycanın Dövlət Neft Şirkəti) Kulevi terminalı eyni vaxtda 168 sistern-vaqonu qəbul edə bilər. Terminalın ümumi aşırma gücü, 2 mln. ton xam neft, 3 mln. ton dizel yanacağı, 4 mln. ton mazut  daxil olmaqla, ildə 10 mln. maye neft məhsulları təşkil edir. Terminalın çən parkının ümumi tutumu 320 min kubmetrdir. Terminalın illik gücünü 15- 20 mln. tonadək artırmaq, çən parkını 380 min kubmetrədək genişləndirmək planlaşdırılır.

Terminal dörd dəmir yoluna, yanaşma kanalı və üç körpüyə malikdir.  Onun strukturuna neft və neft məhsullarının keyfiyyətinin yoxlanılması üzrə laboratoriya, qazın yüklənilməsi üçün xüsusi estakadalar, doqquz yardımçı servis gəmisindən ibarət mobil donanma, yeni, 13,8 kilometr uzunluğunda "Kolxeti-Kulevi" dəmir yolu xətti daxildir.

Xəbər lenti

Xəbər lenti