...

"Bakıelektrikşəbəkə" 2008-ci ildə elektrik şəbəkəsinin gücünü artırıb

Energetika Materials 5 Fevral 2009 15:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 fevral  / Trend / "2008-ci ildə "Bakıelektrikşəbəkə" ASC (Bakıda elekrtik enerjisi satışı və paylanması üzrə) Bakının elektrik şəbəkəsinin gücünü 3877 meqavolt/amperə qədər artırıb. 2007-ci ildə bu rəqəm 3701 meqavolt/amper olub", - rəsmi mətbuata müsahibəsində ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayev deyib. 2006-cı ildə şəbəkənin gücü 2848 meqavolt/amper olmuşdu.

2006-2008-ci illər ərzində ASC tərəfindən 109 transformator məntəqəsi tikilib, 246 transformatorda əsaslı təmir aparılıb. Əhalinin elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması üçün 720 yeni transformator quraşdırılıb.

"Bu dövr ərzində həmçinin 300 min yeni, İngiltərə istehsalı olan sayğaclar quraşdırılıb", - Mustafayev qeyd edib.

Elektrik şəbəkəsinin inkişafı üçün dövlət büdcəsindən 2008-ci ildə 120 milyon manat ayrılıb. Bir il əvvəl bu rəqəm 57,9 milyon manat təşkil etmişdi. 2006-cı ildə isə bu məqsədlər üçün 12 milyon manat ayrılmışdı.

"Elektrik şəbəkəsində yenidənqurma işləri üçün ASC-nin şəxsi büdcəsindən 88 milyon manat ayrılıb",  -  Mustafayev əlavə edib.

Xəbər lenti

Xəbər lenti