...

ARDNŞ Gürcüstana sutkada təxminən bir milyon kubmetr qaz tədarük edir

Energetika Materials 18 İyul 2009 14:37 (UTC +04:00)
"Hazırda ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Gürcüstana tədarük etdiyi Azərbaycan qazının həcmi sutkada təxminən 0,5-1 milyon kubmetr təşkil edir", - Azərbaycanın neft-qaz sənayesindəki mənbə deyib.

Azərbaycan, Bakı, 18 iyul / Trend /

"Hazırda ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Gürcüstana tədarük etdiyi Azərbaycan qazının həcmi sutkada təxminən 0,5-1 milyon kubmetr təşkil edir", - Azərbaycanın neft-qaz sənayesindəki mənbə deyib.

ARDNŞ-nin törəmə müəssisə - "SOCAR Energy Georgia" şirkəti Gürcüstanın 30 qazpaylayıcı şəbəkəsini idarə edir. Bu il ərzində şirkət bu şəbəkələrin abunəçilərinin sayını 56 mindən 60 minə qədər artırmaq istəyir. Birinci mərhələdə daha 15 min abunəçi şəbəkələrə qoşulacaq. Üç il ərzində şirkət abunəçilərinin sayını 150 minə qədər artırmağı planlaşdırır.

Dekabrın 26-da ARDNŞ və Gürcüstan hökuməti 30 qazpaylayıcı təsərrüfat və qazpaylayıcı şəbəkənin istifadəyə verilməsi barədə müqavilə imzalayıb. Bu şəbəkələr Gürcüstanın Kaxeti, Msxeta-Mtianeti, Şida və Kvemo-Kartli, Acarıstan, Quriya, İmereti, Sameqrelo regionlarını əhatə edir. Şəbəkələr 24 şirkət tərəfindən istismar edilib.

Bu layihənin realizəsinə ümumi sərmayə həcmi 40 milyon dollardır. Artıq qoyulmuş sərmayələrin həcmi isə üç milyon dolları keçib. Bu vəsaitlərə metal və plastmas borular alınıb, Acarıstanda müəyyən infrastruktur işləri görülüb (Acarıstanın qazlaşdırılması 2008-ci ilin ortalarında başlayıb), müəyyən layihə işləri yerinə yetirilib.

Apreldə "SOCAR Energy Georgia" şirkəti Gürcüstan azərbaycanlılarının yığcam şəkildə yaşadığı Marneuli rayonunun qazpaylayıcı şəbəkəsini də istifadəyə verib. Bu daha 31 qaz təsərrüfatı deməkdir.

Əvvəllər bu şəbəkənin sahibi "Wissol" şirkəti olub. Bu şirkət qazı ARDNŞ-dən alaraq, onun Marneuli ərazisində satışı ilə məşğul olub. İndi bu istiqamətdə bütün işləri "SOCAR Energy Georgia" həyata keçirəcək.

Bu paylayıcı şəbəkənin alınması, onların inkişafı və idarə edilməsi 40 milyon dollarlıq sərmayə proqramına daxil edilməyib.

Xəbər lenti

Xəbər lenti