...

Bu gün Azərbaycan, Rumıniya və Gürcüstan qaz tədarükü haqqında memorandum imzalayacaq

Energetika Materials 13 Aprel 2010 12:20 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 13 aprel /Trend, müxbir N.Kirsxaliya/

Bu gün Buxarestdə Azərbaycan, Gürcüstan və Rumıniya arasında "qaz tədarükü sahəsində əməkdaşlıq haqqında" memorandum imzalanacaq. Müqavilə Rumıniya İqtisadiyyat, Ticarət və Biznes Mühiti Nazirliyi, Azərbaycanın Enerji və Sənaye Nazirliyi və Gürcüstanın Enerji Nazirliyi arasında imzalanacaq.

Bu layihə, biri Gürcüstanda, digəri Rumıniyada olmaqla, iki maye qaz terminalının inşasını nəzərdə tutur. İlkin məlumatlara əsasən, layihənin dəyəri 4-6 milyard avro təşkil edir.

Sözügedən layihənin həyata keçirilməsinə dair memorandum Gürcüstan və Rumıniya arasında 2009-cu ilin oktyabrında, Azərbaycan və Rumıniya arasında isə bu ilin əvvəlində imzalanıb. Layihə ümumi memorandumun imzalanması üçün işçi qrupun yaradılmasını nəzərdə tutub.

Bu gün Gürcüstanın Qara dəniz sahilində (ARDNŞ Kulevidə neft terminalına sahibdir) Azərbaycan qazının emalı üzrə terminalın inşası və qazın Avropanın daxili qaz-nəqliyyat şəbəkəsi üzrə gələcək göndərişi üçün Rumıniyaya və ya Bolqarıstana nəqli məsələsi nəzərdən keçirilir. Layihəyə iki istiqamətdə baxılır - LNG və CNG. Birincisi, qazın mayeləşdirilməsi üzrə zavodun inşası, ikincisi, qazın mayeləşdirilməsi üçün bilavasitə gəmiyə çatdırılmasıdır. Bu layihə çərçivəsində söhbət 7-20 milyard kubmetr qazdan gedir.

Bundan əvvəl ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib ki, Azərbaycan qazının Gürcüstanın Qara dəniz sahilindən ixracı layihəsinin texniki-iqtisadi əsaslandırılmasının hazırlanması niyyəti var. "TİƏ-nin hazırlanması bizə daha sərfəli variantı (qazın Qara dəniz vasitəsilə ixracı) müəyyən etməyə imkan verəcək. Bizim bir neçə variantımız var, onların sırasında LNG və CNG ixracı var. Həmçinin, Türkiyə ərazisi ilə tranzit imkanları var. Bu variantların müxtəlifliyi bizə daha düzgün yolu seçməyə imkan verəcək", - o deyib.

Abdullayevin sözlərinə görə, Rumıniya və Bolqarıstan Qara dəniz vasitəsilə qazın ixracına dair layihənin reallaşmasında maraqlıdır. Hazırda hər iki tərəflə iş aparılır.

Xəbər lenti

Xəbər lenti