...

Azərbaycanda 2010-cu ildə neft hasilatı 52 milyon ton, qaz hasilatı - təxminən 30 milyard kubmetr səviyyəsində gözlənilir – prezident İlham Əliyev

Energetika Materials 2 İyun 2010 00:06 (UTC +04:00)
Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb edən bu ənənəvi sərgi 2010-cu ildə yeni sərgi salonunda keçirilir. Bu gün biz, eyni zamanda, bu yeni sərgi salonunun açılışını qeyd edirik, çərşənbə axşamı XVII beynəlxalq xəzər neft-qaz sərgi və konfransının açılışında Azərbaycan Prezidenti İlham Əliyev deyib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Azərbaycanda 2010-cu ildə neft hasilatı 52 milyon ton, qaz hasilatı - təxminən 30 milyard kubmetr səviyyəsində gözlənilir – prezident İlham Əliyev

Bakı, Azərbaycan, 1 iyun  / müxbir. Trend S.Əliyev /

Azərbaycan üçün çox böyk əhəmiyyət kəsb edən bu ənənəvi sərgi 2010-cu ildə yeni sərgi salonunda keçirilir. Bu gün biz, eyni zamanda, bu yeni sərgi salonunun açılışını qeyd edirik, çərşənbə axşamı XVII beynəlxalq xəzər neft-qaz sərgi və konfransının açılışında Azərbaycan Prezidenti İlham Əliyev deyib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Azərbaycan Prezidenti yeni salonda ilk sərginin məhz Xəzər neft-qaz sərgisi keçirilməsini vacib hadisə adlandırıb. "Çünki Xəzər neft-qaz sərgisi müasir Azərbaycanda keçirilən sərgilərin arasında xüsusi yerə malikdir", - İlham Əliyev bildirib.

"Birinci dəfə bu sərgi 1994-cü ildə keçirilib. O vaxt hələ Azərbaycanda sərgi keçirmək istəyində olan şirkətlərin sayı çox deyildi. Azərbaycan yeni müstəqil dövlət idi. Azərbaycanın gələcəyi haqqında dünyada müxtəlif fikirlər dolaşırdı. Ona görə, bu sərginin 1994-cü ildə keçirilməsi, eyni zamanda, Azərbaycanın neft strategiyasının başlanmasına təsadüf etməsi çox əlamətdar hadisə olub. Ona görə mən hesab edirəm, bu, çox ədalətli haldır ki, bu möhtəşəm, gözəl Bakı Expo salonunda ilk sərgi məhz Xəzər neft-qaz sərgisidir", - İlham Əliyev deyib.

Onun sözlərinə görə, 1994-cü ildə Azərbaycan böyük işlərin astanasında idi. Ölkə iqtisadiyyatı o vaxt böyük çətinliklərlə üzləşmişdi. Ölkədə sabitlik yaradılması üçün addımlar atılırdı. Ancaq 1994-cü ildə Azərbaycanın, ümumiyyətlə gələcəyi haqqında birmənalı fikir yox idi: Azərbaycan hansı yollarla inkişaf edəcək? Azərbaycan iqtisadiyyatı nəyin hesabına formalaşacaq? Azərbaycan öz strateji inkişaf yolunu hansı istiqamətdə görür?

"Bütün bu suallar ölkə qarşısında durmuşdu. O illərdə edilən strateji seçim Azərbaycanın bugünkü uğurlu inkişafını təmin etdi. Çünki məhz o illərdə Azərbaycanın yeni neft strategiyasının başlanması, Azərbaycanın dünya birliyinə inteqrasiya etmək siyasətinin uğurla aparılması, ölkədə həyata keçirilən iqtisadi islahatlar, iqtisadiyyata cəlb edilən böyük həcmdə xarici investisiyalar - bütün bu amillər bugünkü inkişafı şərtləndirdi. Bu gün Azərbaycan dünya miqyasında uğurla inkişaf edən ölkədir", - İlham Əliyev deyib.

"Biz hamımız yaxşı bilirik ki, əgər 1994-cü ildə ulu öndər Heydər Əliyev tərəfindən o qətiyyətli addımlar atılmasaydı və "Əsrin kontraktı" imzalanmasaydı, bəlkə də Azərbaycanın inkişafı tam başqa istiqamətdə davam edərdi", - İlham Əliyev bildirib.

Onun sözlərinə görə, "Əsrin kontraktı"nın imzalanması ilə Azərbaycan nəinki Xəzər hövzəsinin böyük, zəngin resurslarını dünya şirkətləri üçün açdı, eyni zamanda, Azərbaycanın uzunmüddətli və uğurlu inkişafını təmin etdi.

"1994-cü ildə bizim planlarımız çox geniş idi. Biz bilirdik məqsədimiz nədir. Ancaq onu da bilirdik ki, bu məqsədə çatmaq üçün yolumuz hamar olmayacaqdır. Elə də oldu. Azərbaycan çox böyük sınaqlardan şərəflə çıxdı və qarşıda duran bütün vəzifələri uğurla həll etdi. İnvestisiyaların cəlb edilməsi, xarici şirkətlərlə uğurlu və qarşılıqlı maraqlar əsasında yaradılmış əlaqələr, hasilatın artırılması, Azərbaycanın iqtisadi inkişafının təmin edilməsi, neft kəmərlərinin tikintisi və təbii ehtiyatların bu kəmərlər vasitəsilə dünya və Avropa bazarlarına nəql edilməsi layihələri bugünkü Azərbaycanın reallıqlarını böyük dərəcədə əks etdirir", - İlham Əliyev bildirib.

Onun sözlərinə görə, bu gün böyük sevinc hissi ilə deyə bilərik ki, artıq Azərbaycan iqtisadiyyatı neft amilindən o qədər də asılı deyildir. Halbuki, bundan sonra da uzun illər ərzində neft və qaz amili Azərbaycanın həm iqtisadi maraqlarını təmin edəcək, həm dünyadakı mövqelərimizi möhkəmləndirəcək. Ümumiyyətlə, Azərbaycan xalqının rifah halının yaxşılaşdırılması üçün bu amil uzun illər öz rolunu oynayacaq.

"Ancaq bununla bərabər, bu gün Azərbaycanın qeyri-neft sektorunun inkişafı da çox sürətlə gedir. Buna təkan verən məhz neft siyasəti, neft strategiyası olmuşdur. Neft strategiyasının uğurlu icrası Azərbaycanı dünyaya bir etibarlı tərəfdaş kimi təqdim etdi", - İlham Əliyev deyib. Onun sözlərinə görə, Azərbaycan xarici şirkətlərlə artıq 16 ildir ki, uğurla əməkdaşlıq edirik. "Bu əməkdaşlıq qarşılıqlı maraqlar əsasında qurulub və həm xarici tərəfdaşlara, həm də Azərbaycana böyük mənfəət gətirib", - Prezident deyib.

İlham Əliyevin sözlərinə görə, işlərin əvvəlində isə bu planların reallaşması üçün bütün səylər göstərilib. "Ümid edirəm ki, Azərbaycanın bundan sonrakı inkişaf dövrü də uğurlu olacaq", - Azərbaycan Prezidenti deyib.

1994-cü ildə "Əsrin kontraktı"nın imzalanmasından sonra 1996-cı ildə "Şahdəniz" qaz yatağı üzrə kontrakt imzalanıb.

"O illərdə qaz amili, ümumiyyətlə, dünya neft və enerji siyasətində o qədər də mühüm yer tutmurdu. O layihəyə investisiyalar və kreditlər cəlb etmək o qədər də asan məsələ deyildi. Ancaq bu gün dünya enerji siyasətində deyə bilərəm ki, bu yanaşmada müəyyən və böyük dərəcədə dəyişiklik edildi. Qaz amili daha da mühüm rol oynamağa başlamışdı və nəinki iqtisadi maraqları təmin edir, eyni zamanda, bəzi hallarda enerji təhlükəsizliyi məsələlərinə də məhz qaz amili çox mühüm təsir göstərir", - Prezident bildirib.

Onun sözlərinə görə, Azərbaycan o ölkədir ki, həm qaz, həm neft resursları kifayət qədər böyükdür.

"Bilirsiniz ki, Azərbaycan qədim neft diyarıdır. İlk dəfə sənaye üsulu ilə neft dünyada məhz Azərbaycanda hasil edilib. Dəniz yataqlarından neft ilk dəfə dünyada məhz Azərbaycanda hasil edilib. Bu yaxınlarda biz faşizm üzərində Qələbənin 65-ci ildönümünü qeyd edərkən, bir daha o illərə nəzər salarkən gördük ki, Azərbaycan nefti, Azərbaycan neftçilərinin gərgin zəhməti olmasaydı, o müharibənin nəticələri başqa ola bilərdi. Yəni, Azərbaycan qədim neft diyarı kimi dünyada özünü çoxdan təsdiq edib.

Müstəqil ölkə, müstəqil Azərbaycan kimi biz özümüzü yenidən təsdiq və təqdim etməli idik. Biz bunu uğurla bacardıq. Bizim neft siyasətimiz çox açıqdır, aydındır və çox səmimidir. Bizim bütün öhdəliklərimiz, götürdüyümüz öhdəliklər yerinə yetirilir. Biz dünya enerji şirkətləri ilə etibarlı tərəfdaş kimi uğurla əməkdaşlıq edirik", - İlham Əliyev deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanın Dövlət Neft Şirkəti - SOCAR dünyanın aparıcı şirkətləri arasındadır və xarici şirkətlərlə uğurla əməkdaşlıq yeni, müasir təcrübəni gətirdi. Bu gün artıq Azərbaycan şirkətləri başqa ölkələrə böyük həcmdə investisiyalar qoyurlar. Bu gün Azərbaycan şirkətləri milyardlarla ölçülən investisiyalar qoyur və bu proses bundan sonra da davam etdiriləcək.

"1990-cı illərin ortalarında isə qarşımızda digər vəzifələr dururdu: hasilata başlamaq, "Azəri-Çıraq-Günəşli" yatağı üzrə işlərin sürətlə aparılmasına nail olmaq, neft kəmərlərini, ondan sonra qaz kəmərlərini yaratmaq. Bütün bu vəzifələr icra olundu. Bu gün Azərbaycanın neft və qaz hasilatı nəinki ölkə tələbatını ödəyir, eyni zamanda, bizim üçün çox böyük ixrac resursu da təşkil edir", - ölkə prezidenti bildirib.

İlham Əliyevin sözlərinə görə, bu il Azərbaycanda neft hasilatı 52 milyon ton səviyyəsində gözlənilir, qaz hasilatı təxminən 30 milyard kubmetrə bərabər olacaqdır ki, bu, Azərbaycanın daxili tələbatından üç dəfə çoxdur.

"Təbii ki, Azərbaycan enerji resurslarını neft və qaz kəmərləri ilə müxtəlif istiqamətlərə ixrac edir. İxrac coğrafiyamız ildən-ilə genişlənir və mən tam əminəm ki, biz yeni bazarlara da çıxacağıq. Çünki yeni bazarlarda Azərbaycanın təbii resurslarına ehtiyac vardır. Bizim də marağımız ondadır ki, neft-qaz potensialımızı maksimum dərəcədə realizə edə bilək", - İlham Əliyev bildirib.

"Bugünkü hasilat demək olar ki, ixrac imkanlarımızdan daha da çoxdur. Ancaq biz elə etməliyik ki, hasilatımızla daxili tələbat və ixrac imkanlarımız bərabərlik təşkil etsin. Buna nail olmaq üçün əlbəttə ki, bizə yeni bazarlar lazımdır. Yaxud da ki, mövcud olan bazarların genişləndirilməsi lazımdır. Azərbaycan hər iki istiqamətdə çox düşünülmüş, çox dəqiq və məqsədyönlü siyasət aparır. Məhz bu siyasətin nəticəsində bu gün Azərbaycan o ölkələrdəndir ki, heç bir istiqamətdən asılı deyil. Bizim üç neft, dörd qaz kəmərimiz var. Onlar enerji şaxələndirilməsini tam şəkildə təmin edir və enerji resurslarımızın istənilən istiqamətdə ixracının artırılması üçün bütün imkanlar var", - dövlət başçısı bildirib.

"Bu gün Azərbaycanda verilən tapşırıqlar əsasında görülən texniki işlər qaz ixrac imkanlarımızı böyük dərəcədə artıracaq. Biz bu sahəyə böyük investisiyalar qoyuruq və bu investisiyalar özünü doğruldacaq. Çünki bu, Azərbaycanın uzunmüddətli, bundan sonra onilliklər ərzində uğurlu inkişafını təmin edəcək", - İlham Əliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan investisiyalar üçün çox məqbul, çox cəlbedici ölkədir.

"1995-ci ildən bu günə qədər ölkə iqtisadiyyatına 82 milyard dollar investisiya qoyulub. Onların, demək olar ki, yarısı neft-qaz sektoruna qoyulub. Əlbəttə ki, neft strategiyamızın ilk illərində investisiyalar daha çox neft-qaz sektoruna qoyulurdu. Bu, bəzi ekspertləri narahat edirdi ki, "Holland sindromu" yaşana bilər. Azərbaycan iqtisadiyyatı da birtərəfli qaydada inkişaf edə bilər. Ancaq bizim düşünülmüş siyasətimiz və konkret addımlarımız göstərdi ki, Azərbaycanın seçdiyi yol düzgün yoldur", - ölkə prezidenti bildirib.

İlham Əliyevin sözlərinə görə, bu gün Azərbaycan iqtisadiyyatı şaxələndirilmiş iqtisadiyyatdır. "Əgər ümumi investisiya portfelinin yarısı qeyri-neft sektoruna qoyulubsa, bu onu göstərir ki, Azərbaycanda qeyri-neft sektoru da çox cəlbedici bir sahədir. Qeyri-neft sektoruna qoyulan həm xarici, həm daxili investisiyalar, həm dövlət büdcəsindən, həm də özəl sektordan ayrılan vəsait yeni bir vəziyyət yaratdı. Bu gün
Azərbaycan enerji, yəni neft-qaz amilindən daha da az asılı vəziyyətdədir və getdikcə bu asılılıq daha da azalacaq", - dövlət başçısı bildirib.

Azərbaycanın iqtisadi nailiyyətlərinin statistikası bunu əyani şəkildə göstərir. "2009-cu ilin rəqəmlərini götürsək, Azərbaycanda son illər ərzində aparılan işlərin elə bil ki, nümunəsini görərik. Çünki 2009-cu ildə dünya üzrə neftin qiyməti 3-4 dəfə aşağı düşdü, iqtisadi və maliyyə böhranı, demək olar ki, bütün ölkələrə mənfi təsir göstərdi. Buna baxmayaraq, Azərbaycan iqtisadiyyatı keçən il 9 faizdən çox artıb. Neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi Azərbaycanın inkişafına mənfi təsir göstərməyib. Biz bütün sosial proqramları, bütün infrastruktur layihələri icra etdik. Biznes imkanları daha da səfərbər olundu və biz bu çətin vəziyyətdən çox uğurla çıxa bildik", - İlham Əliyev bildirib.

Onun sözlərinə görə, bu gün Azərbaycan iqtisadiyyatı 2010-cu ildə də yüksək templərlə inkişaf edir. "Bütün bu işlərin təməlində düşünülmüş iqtisadi siyasətlə bərabər, şübhəsiz ki, neft strategiyamız dayanır", - prezident qeyd edib.

"Bir daha qayıdıram 15 il bundan əvvəlki dövrə. Əgər o illərdə o cəsarətli və məqsədyönlü, qabağa hesablanan addımlar atılmasaydı, bu gün Azərbaycanın vəziyyəti tam başqa ola bilərdi. Həm iqtisadi, eyni zamanda, siyasi vəziyyət də başqa ola bilərdi. Çünki, sirr deyil ki, iqtisadi imkanlar məhdud olan yerdə siyasi təşəbbüsləri irəli sürmək, öz milli maraqlarını maksimum dərəcədə müdafiə etmək və öz prinsipial müstəqil siyasətini aparmaq çox çətin olur", - İlham Əliyev bildirib.

Onun sözlərinə görə, bu gün iqtisadi müstəqilliyimiz, böyük valyuta ehtiyatlarımız, iqtisadiyyatımızın uğurlu inkişafı bizə əlavə güc verir.

"O güc ki, bu gün bizə lazımdır. Çünki, biz hələ ki, gənc müstəqil dövlətik. Baxmayaraq ki, Azərbaycan iqtisadiyyatı artıq öz keçid dövrünü başa vurdu. Biz artıq keçid iqtisadiyyatı ölkəsi deyilik. Biz inkişaf edən iqtisadiyyatıq və bunu mötəbər beynəlxalq maliyyə qurumları da görür, təsdiqləyir. Böhran ilində Azərbaycanın kredit reytinqinin artırılması özlüyündə bir göstəricidir.

Biz bütün bu imkanlardan istifadə edib gələcəyə baxmalıyıq, gələcək planlarımızı bu gün tutmalıyıq. Belə də edirik. Həm energetika sahəsində, neft-qaz sahəsində, həm də qeyri-neft sahəsində bizim uzunmüddətli strategiyamız, planlarımız, konkret addımlar paketi var", - dövlət başçısı bildirib.

"Biz öz siyasətimizi proqram üzrə qururuq. Buna görə, Azərbaycan həm böhrandan ən az itkilərlə çıxmış ölkədir, həm də siyasi sabitlik baxımından Azərbaycanda vəziyyət çox müsbətdir. Bu ümumi vəziyyət ölkəmizə investisiyaların axınını gücləndirir. Bu gün Azərbaycanda sərmayə təkcə neft-qaz sektoruna qoyulmur - turizm, infrastruktur, mehmanxanalar, sosial obyektlər, belə gözəl sərgi salonları", - prezident bildirib.

Onun sözlərinə görə, bu sərgi salonu dünya miqyasında seçilən, gözəlliyi və funksional mahiyyəti ilə fərqlənən sərgi salonlarından biridir.

"Bu gün biz bu gözəl, möhtəşəm salonda bu tədbiri keçiririk. Azərbaycan iqtisadiyyatına qoyulan investisiyalar Azərbaycan xalqına xidmət edir. Nə qədər çox vəsait qoyularsa, iqtisadiyyatımız o qədər də çox artacaq, iş yerləri açılacaq və insanların rifah halı yaxşılaşacaq.

Biz bundan sonra da öz siyasətimizi bu vaxta qədər apardığımız yollarla inkişaf etdirəcəyik. Ölkəmizin iqtisadi potensialının maksimum şaxələndirilməsi üçün əlavə tədbirlər görüləcək. O ki qaldı neft-qaz sektoruna, bu sahədə biz bu günə qədər bütün istədiyimiz məqsədlərə çata bilmişik. Neft kəmərləri, qaz kəmərləri, hasilat, investisiyalar, yeni bazarlara çıxış və bu gün biz daha da böyük investisiyaları gözləyirik", - İlham Əliyev deyib.

Onun sözlərinə görə, bu yaxınlarda "Çıraq" yatağında yeni böyük layihə başlanıb.

"Ümid edirəm ki, biz yaxın zamanlarda böyük "Şahdəniz-2" layihəsinin başlanmasına da nail olacağıq. Bunu etmək üçün hesab edirəm ki, hazırda bütün imkanlar var. Əgər biz buna nail olsaq, növbəti illərdə Azərbaycanın neft-qaz sektoruna ancaq bu layihə üzrə ən azı 20 milyard dollar sərmayə qoyulacaq. Bu sərmayə özlüyündə, yəqin ki, buna bərabər həcmdə sərmayənin qeyri-neft sektoruna da yatırılmasına gətirib çıxaracaq", - İlham Əliyev deyib.

Xəbər lenti

Xəbər lenti