...

İranın problemləri Türkmənistanın enerji potensialını artırır – Trend-in icmalçısı

Energetika Materials 24 Avqust 2010 12:27 (UTC +04:00)
Xarici şirkətlərin Türkmənistanın enerji layihələrində fəal iştirakı, BMT Təhlükəsizlik Şurasının Tehranın nüvə proqramına qarşı tətbiq etdiyi sanksiyalar və bunun ardınca, ABŞ və Avropanın İranın enerji layihələrində iştirakdan imtina etməsi Türkmənistanı enerjidaşıyıcılarının təminatı və tranziti sahəsində rəqibsiz qoya bilər.
İranın problemləri Türkmənistanın enerji potensialını artırır – Trend-in icmalçısı

Azərbaycan, Bakı, 24 avqust /Trend/

Fars redaksiyasının rəhbəri Dalğa Xatınoğlu

Xarici şirkətlərin Türkmənistanın enerji layihələrində fəal iştirakı, BMT Təhlükəsizlik Şurasının Tehranın nüvə proqramına qarşı tətbiq etdiyi sanksiyalar və bunun ardınca, ABŞ və Avropanın İranın enerji layihələrində iştirakdan imtina etməsi Türkmənistanı enerjidaşıyıcılarının təminatı və tranziti sahəsində rəqibsiz qoya bilər.

O cümlədən, Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPİ) qaz kəmərinin keçən bir ayda dörd ölkə rəsmiləri arasında müzakirəyə çıxarılması, bu kəmərə alternativ olan İranın "Sülh" qaz kəmərinin perspektivini tamamilə kölgədə qoyub.

Onlarca xarici şirkətin iştirakı ilə enerji layihələrini sürətlə inkişaf etdirməklə, Türkmənistan qaz tranzitində yalnız boru kəmərləri ilə deyil, həm də maye qaz istehsalı baxımından da İrandan irəlidə durur.    

Avqustun əvvəlində Türkmənistanın dövlət qəzeti "Neytral Türkmənistan" "Nayyp LNG" zavodunda sutkada 75 000 ton maye qaz istehsalı üzrə rekord əldə etdiyini xəbər verib, eyni zamanda, İran Şel və Repsolun bu ölkə ilə əməkdaşlıqdan imtinasından sonra, LNG (təbii maye qaz) layihələrdən rəsmi şəkildə əl çəkdiyini elan edib.

İranın qaz ehtiyatları 29 trilyon kubmetr təşkil edir və o, Rusiyadan sonra dünyada ikinci yeri tutur. Hazırda İran ildə 110, Türkmənistan isə 75 milyard kubmetr qaz istehsal edir. Buna baxmayaraq, İranın daxili qaz istehlakı istehsal etdiyi qaz ilə balans təşkil edir və əlavə ixracat üçün "Cənub Pars" qaz yatağı layihəsinin inkişafına nail olmalıdır. Halbuki 24 fazadan ibarət bu layihənin yalnız 10 fazasının açılışı olub, digər fazaların inkişafı ya başlanmayıb, ya da maksimum, 50 faiz inkişaf etdirilib.  

Keçən ay İranın İnqilab Keşikçilər Korpusuna (Sepah) məxsus   Xatəmul-Ənbiya qərargahı "Cənub Pars" layihəsinin 15 və 16-cı fazalarını bir neçə il gecikdirdikdən sonra yarımçıq buraxıb.

İrandakı vəziyyətdən fərqli olaraq, Türkmənistanda enerji sahəsində hərtərəfli müzakirələr intensiv davam etdirilir.

Rəsmi Tehran enerji layihələrinin inkişafı, milyardlarla dollar həcmində razılaşmalar, karbohidrogen istehsalı həcminin artırılması perspektivini vəd verdikləri bir vaxtda, bu ölkənin Şimal qonşusu öz praqmatizmi ilə enerji sahəsində konkret nəticələr əldə edib.

Cari həftədə Birləşmiş Ştatların Energetika Departamentinin regional bürosunun direktoru Riyaz Avanın başçılıq etdiyi ABŞ nümayəndə heyəti Türkmənistana səfər edib və orada enerji sahəsində əməkdaşlıq məsələləri üzrə danışıqlar aparıb. Geoloji kəşfiyyat, karbohidrogenlərin emalı, Xəzər dənizinin türkmən sektorunda neft-qaz yataqlarının mənimsənilməsi, eləcə də türkmən enerjidaşıyıcılarının dünya bazarlarına çıxarılması üçün nəqliyyat infrastrukturunun inkişafı sahələrində layihələrin həyata keçirilməsi kimi məsələlər müzakirə olunub.

Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov Xəzər dənizindəki neft yataqlarının inkişaf etdirilməsi üçün 3 ABŞ neft şirkətinin və Birləşmiş Ərəb Əmirliklərindən olan 1 neft şirkətinin təkliflərini "çox uğurlu və səmərəli" adlandırıb. Prezident bu təkliflərin araşdırılıb icra olunması üçün aidiyyəti orqanlara göstəriş də verib. Bu şirkətlər Türkmənistanın Xəzər dənizində 9 və 20-ci bloklarında qazma işləri aparmağı təklif edib.

Dünyanın nəhəng neft və qaz şirkətləri bir-birinin ardınca İranın enerji layihələrindən üz döndərdiyi bir zamanda, Türkmənistanın "Türkmənqaz" Milli Qaz Şirkəti cari il ərzində bu ölkənin ən böyük qaz yatağı (bp-nin məlumatına görə, minimum 4 trilyon kubmetr qaza malik) "Yolatan"ın inkişaf etdirilməsi məqsədilə Çinin Milli Neft Şirkəti CNPC ilə 3,1 milyon dollar, BƏƏ-nin Beynəlxalq Neft Şirkəti "Petrofac" ilə 3,9 milyard dollar, Küveytin "Gulf" Neft-Qaz Şirkəti ilə 1,2 milyard və Koreyanın LG və "Hyundai" şirkətləri ilə 1,5 milyard dollar dəyərində müqavilələr imzalayıb.

Türkmənistanda sərmayə yatıran şirkətlərin siyahısı qeyd olunan şirkətlərlə bitmir, hazırda Türkmənistan dövlətinin xarici sərmayələrin ölkədə yatırılmasını dəstəkləməsi sayəsində, Malayziyanın "Petronas", Böyük Britaniya və BƏƏ-nin "Dragon Oil", Danimarkanın "Maersk Oil", Hindistanın "ONGC", İtaliyanın "ENİ" və Almaniyanın "Vintershal",         "RWE Dea AG" şirkətləri də Türkmənistanla müqavilə imzalayaraq, Xəzər dənizində neft-qaz istehsalı, araşdırılması və qazma işləri həyata keçirir.

Digər tərəfdən, Türkmənistan ən böyük qaz yatağı olan "Yolatan"ın inkişaf etdirilməsi üçün Çinin 4,1 milyard dollar sərmayə yatırmasını istəyib.

Qeyd etmək lazımdır ki, Türkmənistanın qaz istehsalı iki il bundan öncə ilə müqayisədə iki dəfə artıb və ildə 75 milyard kubmetrə çatıb. Gələn 20 il ərzində isə bu rəqəmin daha üç dəfə artırılması nəzərdə tutulub. bp-nin son hesablamalarına əsasən, Türkmənistanın qaz ehtiyatları 8,1 trilyon kubmetr təşkil edir ki, bu qədər qaz ehtiyatının, demək olar, yarısı "Cənubi Yolatan" qaz yatağındadır.

Türkmənistanın qaz tranzit yollarının sayını çoxaltmaq üçün göstərdikləri səylər də İran üçün bir xəbərdarlıq hesab oluna bilər. Ötən ilin noyabr ayında 7 000 kilometr uzunluğu olan Türkmənistan- Özbəkistan - Qazaxıstan - Çin boru kəmərinin açılışı olub. Bu boru kəməri Türkmənistan qazını Özbəkistan və Qazaxıstan ərazisindən tranzit edərək, Çinə ötürür. Bundan başqa, Türkmənistan hazırda TAPİ qaz boru kəməri (Türkmənistan- Əfqanıstan- Pakistan - Hindistan) ilə bağlı müzakirələrdə fəallaşıb. Ötən bir ay ərzində dörd ölkə rəsmiləri bu layihənin icrası məqsədilə dörd dövr müzakirələr aparıblar. Bu layihə İranın "Cənub Pars" yatağındakı qazının bir hissəsini Pakistan və Hindistana nəql edəcək "Sülh" boru kəmərinin rəqibidir. Hindistanın "Sülh" boru kəməri layihəsindən imtinası bu layihənin taleyini naməlum edib.

Türkmənistan dövlət agentliyinin məlumatına əsasən, Türkmənistan dövləti cari ildə TAPİ boru kəmərinin icrası məqsədilə təbii qaz satışı sazişi imzalamaq üçün bütün səylərini göstərəcək. Türkmənistanın, eləcə də "Nabucco" qaz boru kəmərini qazla təmin edəcəyi ehtimal olunur.

Xəbər lenti

Xəbər lenti