...

ARDNŞ Bakıda yeni YDM açmağa hazırlaşır

Energetika Materials 7 Fevral 2011 11:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbir E.İsmayılov/

Yaxın vaxtlarda "SOCAR Petroleum" şirkəti Azərbaycanda iki yeni yanacaqdoldurma məntəqəsi (YDM) istismara vermək fikrindədir. Bu barədə bazar ertəsi riteylinq şirkətinin həmtəsisçilərindən olan ARDNŞ-dəki (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) mənbə bildirib.

Mənbənin sözlərinə görə, hazırda ARDNŞ-nin brendi altında Azərbaycanda altı YDM fəaliyyət göstərir və yeni məntəqələrin tikintisi üzrə işlər davam etdirilir.

"İki stansiya praktiki olaraq artıq hazırdır və yaxın vaxtlarda istismara veriləcək", - mənbə qeyd edib.

Mənbənin dediyi kimi, stansiyalardan biri Ələt qəsəbəsində, ikincisi isə Bakı ilə Sumqayıt arasındakı yolda yerləşir.

Ümumilikdə, ARDNŞ Azərbaycanda 26-30 YDM açmağı planlaşdırır. Stansiyaların respublikanın giriş və çıxış yollarında tikilməsinə böyük diqqət ayrılır. Azərbaycanda YDM-lərin inşasına qoyulan investisiyalar 20 milyon manat təşkil edir.

"SOCAR Petroleum"un səhmdarları ARDNŞ (51 faiz) və ABŞ-ın A.P. International (49 faiz) şirkətidir. "SOCAR Petroleum" 2008-ci il yanvarın 21-də qeydiyyatdan keçib.

Hazırda ARDNŞ Gürcüstanda 50-dən çox yanacaqdoldurma məntəqəsinə sahibdir, Ukraynanın neft məhsullarının pərakəndə satış bazarında işə başlayır, eləcə də Rumıniyada YDM-lərin açılması üzrə iş aparır.

Xəbər lenti

Xəbər lenti