...

"Nabukko" üçün boruların tədarükünə dair tenderin başlanması qaz tədarükü üzrə danışıqlardan asılıdır

Energetika Materials 31 Mart 2011 15:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 mart /Trend, müxbir A.Bədəlova/

Qazı Xəzər regionundan Aİ ölkələrinə nəql edəcək "Nabukko" qaz kəməri layihəsinin konsorsiumu səhmdarlar və tədarükçülər arasında danışıqların nəticələrini gözləyir ki, boru kəmərinin tikintisi üçün uzunmüddətli istifadə mallarının tədarükünə dair tenderə başlasın.

"Tenderin dəqiq başlanma tarixi hələ ki, məlum deyil. Hər şey səhmdarlar və tədarükçülər arasında qaz tədarükü üzrə davam edən danışıqlardan asılıdır", - Trend-ə elektron poçtla layihənin rəsmi nümayəndəsi Kristian Dolezal deyib.

Ötən ilin iyulunda "Nabukko" layihəsi konsorsiumu tenderdə iştirakla bağlı çoxlu müraciətlərin olması səbəbindən boru tədarükünə dair tenderi təxirə salmışdı.

"Nabukko" qaz kəmərinin tikintisi üçün uzunmüddətli istifadə mallarının (boru, boru kəməri armaturu) tədarükünə dair təsnifat tenderinin başlanmasını layihə konsorsiumu apreldə elan edib. Tender paketinin ümumi dəyəri 3,5 milyard avro təşkil edir.

Dolezalın sözlərinə görə, təsnifat tenderi ötən ilin ikinici yarısında başa çatıb. Tələb olunan kriteriyalara müraciət edən şirkətin 56-sı uyğun olub.

Dolezal sazişin məxfiliyi ilə əlaqədar şirkətlərin adını açıqlamayıb.

Trend-ə məlum olduğuna görə, Türkiyənin boru kəməri şirkəti "Özbal Çelik Boru" "Nabukko" layihəsinin borulara olan ehtiyacının azı 15 faizini ödəməyi planlaşdırır.

Şirkətin idarə heyətinin sədri Yücehan Öztüre bildirib ki, şirkət tenderdə iştirak etməyi planlaşdırır. Onun sözlərinə görə, struktur maliyyə və texniki baxımdan qaz kəmərinin borulara olan ehtiyacını ödəmək iqtidarında olan şirkətdir.

Boru kəmərinin tikintisi 2012-ci ilə nəzərdə tutulub, kəmərlə ilk tədarük 2015-ci ildə gözlənilir. Kəmərin maksimal gücü ildə 31 milyard kubmetr təşkil edəcək.

Layihənin iştirakçıları OMV Gas GmbH (Аvstriya), BOTAŞ (Türkiyə), Bulgargaz (Bolqarıstan), S.N.T.G.N. Transgaz S.A. (Rumıniya), MOL Natural Gas Transmission Company Ltd. (Macarıstan) və RWE-dir (Almaniya).

Xəbər lenti

Xəbər lenti