...

Azərbaycanda qazdan istifadə ilə bağlı bədbəxt hadisələrin sayı azalıb

Energetika Materials 4 Noyabr 2011 15:57 (UTC +04:00)
Yanvar-oktyabrda istehlakçıların qazdan istifadə qaydalarını pozması ilə bağlı bədbəxt hadisələrin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 30-40 faiz azalıb.
Azərbaycanda qazdan istifadə ilə bağlı bədbəxt hadisələrin sayı azalıb

Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir E.İsmayılov/

Yanvar-oktyabrda istehlakçıların qazdan istifadə qaydalarını pozması ilə bağlı bədbəxt hadisələrin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 30-40 faiz azalıb. Trend-in məlumatına görə, bu barədə cümə günü qaz təsərrüfatında təhlükəsizlik texnikasına həsr olunmuş mətbuat konfransında ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azəriqaz" İstehsalat Birliyinin Təhlükəsizlik, ekologiya və keyfiyyət üzərində nəzarət şöbəsinin rəisi Abbasəli Quliyev bildirib.

"2011-ci il ərzində "Azəriqaz", xüsusilə əhali arasında qaz cihazlarından istifadə qaydaları ilə bağlı maariflənmə işlərini davam etdirib. İB 1,2 milyona yaxın bukleti və üç mindən artıq plakatı əhalinin nisbətən daha sıx olduğu ərazilərdə yerləşdirib. Habelə xüsusi hazırlanmış çarxların nümayişi üzrə tədbirlər davam etdirilib", - Quliyev deyib.

Onun sözlərinə görə, İB qaydaların pozulması ilə bağlı bədbəxt hadisələrin qarşısını almaq üçün qaz cihazlarının standartların tələblərinə uyğunluğu, eləcə də istehlakçılar tərəfindən bu cihazların düzgün yerləşdirilməsi üzrə daim reydlər keçirir.

Həmçinin, belə yoxlamalar hər bir rayonun icra hakimiyyətləri yanında yaradılan fövqəladə vəziyyətlər üzrə komissiyanın fəaliyyəti çərçivəsində də aparılır. Həmin komissiyaların tərkibinə bütün nəzarət orqanları, kommunal strukturlar, eləcə də İB-nin bölmələrinin nümayəndələri daxildir.

Qaz cihazları və infrastrukturlarından istifadə və yerləşdirilməsi zamanı pozuntu faktı aşkar olunduğu halda, bu komissiyaların qərarı ilə abunəçiyə qazın verilməsi pozuntu aradan qaldırılana kimi dayandırılır.

Ventilyasiya və tüstü bacaları sistemlərindən qeyri-düzgün istifadə ilə bağlı bədbəxt hadisələr məsələsinə gəldikdə, Quliyev deyib ki, abunəçilər özləri buna nəzarət etməlidirlər, çünki bu, "Azəriqaz"ın vəzifələrinə daxil deyil.

O cümlədən iri sənaye müəssisələrində, sosial obyektlərdə (məktəblərdə, uşaq bağçalarında) belə xidmətləri FHN yanında könüllü yanğınsöndürmə cəmiyyətləri göstərirlər və təmizləmə işləri barədə təsdiqləyən sənədlər olmadan bu müəssisələrə qazın verilməsi mümkün deyil.

"Bu cəmiyyət Azərbaycanın səkkiz regionunda öz bölmələrinə malikdir. Payız-qış mövsümündə sənaye müəssisələrinə və sosial obyektlərə qazın verilməsi bu müəssisələr tərəfindən qaz infrastrukturunun vəziyyəti ilə bağlı sənədlər paketi (onlar cəmi yeddidir) təqdim olunmadan mümkün deyil", - Quliyev deyib.

Onun sözlərinə görə, İB magistral ixrac kəmərlərinin təhlükəsizliyinin təmin olunması ilə bağlı aktiv işlər həyata keçirir.

ARDNŞ Gürcüstana, Rusiyaya və svop əməliyyatlar çərçivəsində İrana öz qazının tədarükünü həyata keçirir.

"Qaz kəmərlərinin təhlükəsizliyinin təmin edilməsi üçün onların normal fəaliyyət göstərilməsi ilə bağlı bütün zəruri işlər yerinə yetirilir. O cümlədən boru kəmərlərinin hissələrində təmir işləri aparılır, lazımi vəziyyətdə olmayan borular dəyişdirilir və yeni avadanlıqlar quraşdırılır", - Quliyev əlavə edib.

Xəbər lenti

Xəbər lenti