Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir S.Əliyev/
BP, ARDNŞ və BOTAŞ BTC əməliyyatları və iri "Şahdəniz" qaz yatağının tam işlənməsini dəstəkləyən 14 sazişdən ibarət paketi təsdiq ediblər. Bu barədə bazar ertəsi Trend-in sorğusuna cavab olaraq BP-dən bildiriblər.
Noyabrın 25-də BOTAŞ və "Şahdəniz" idarəetmə şuralarının bu sazişləri təsdiqləməsindən bir ay əvvəl sazişlər Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev arasında Türkiyənin İzmir şəhərində keçirilmiş görüş zamanı imzalanmışdı.
"Bu sazişlər 2017-ci ildən başlayaraq "Şahdəniz" qazının Türkiyəyə satışı və Türkiyə vasitəsilə Avropa bazarlarına nəqli üçün hüquqi çərçivəni təmin edir. Elə buna görə də bu sənədlər ilk dəfə olaraq Xəzər dənizindən Avropaya qaz çatdıracaq "Cənub qaz dəhlizi" adlandırılan nəql yolunun açılmasına yönəlmiş çox mühüm bir addımdır", - BP-dən deyiblər.
Bu sazişlər paralel olaraq iki alternativ boru xəttinə baxılmasına imkan verir. Onlardan biri BOTAŞ-ın mövcud boru xətti şəbəkəsinin yeniləşdirilməsi, digəri isə Türkiyə ərazisindən tamamilə yeni bir müstəqil boru xəttinin inşasını nəzərdə tutur. Bu yeni müstəqil boru xətti - ona "Trans Anadolu" boru kəməri və ya TANAB adı verilib - həm türk və həm də qaz istehsalçısı şirkətlərindən ibarət yeni bir konsorsium tərəfindən işlənəcək.
Şuranın sənədləri təsdiqindən bir neçə gün öncə BP-nin prezidenti Bob Dadli həm neft, həm də qaz məsələlərini müzakirə etmək üçün Ankarada Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşmüşdü. O, həm də Türkiyə Prezidenti Abdulllah Gül, Baş nazirin müavini Əli Babacan və energetika naziri Taner Yıldızla da danışmışdı.
"Türkiyə enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. BP-nin əməliyyatçısı olduğu BTC boru kəməri və "Şahdəniz 2"-nin işlənməsi kimi layihələr bu məqsədi dəstəkləyə bilər. Bu ölkənin niyyəti regional enerji ötürücüsü mərkəzinə çevirilməkdir və mən fəxr edirəm ki, BP həmin məqsədlərin həyata keçməsinə kömək etmək üçün hökumətlə birgə işləmək imkanına malikdir", - Ankarada BP əməkdaşları ilə görüşündə Bob Dadli demişdi.