...

Türkmənistan TƏPH qaz kəməri üzrə iclas keçirməyə hazırlaşır

Energetika Materials 24 Fevral 2013 11:41 (UTC +04:00)
Türkmənistan yaxın zamanlarda TƏPH (Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan) qaz kəməri üzrə texniki işçi qrupunun iclasını keçirməyə hazırlaşır.
Türkmənistan TƏPH qaz kəməri üzrə iclas keçirməyə hazırlaşır

Azərbaycan, Bakı, 24 fevral /Trend/

Türkmənistan yaxın zamanlarda TƏPH (Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan) qaz kəməri üzrə texniki işçi qrupunun iclasını keçirməyə hazırlaşır. Trend-in məlumatına görə, hazırda iclasın yeri və vaxtı dəqiqləşdirilir.

Gözlənilir ki, iclasda qaz kəmərinin çəkili üzrə xüsusi şirkətin yaradılması üçün təşkilati, hüquqi və texniki məsələlər müzakirə olunacaq.

Bu məsələ Aşqabadda hökumət iclasında müzakirə edilib. Qeyd olunub ki, TƏPH-nin reallaşdırılması üçün bir sıra məsələlərin həll edilməsi qarşıda durur. İndiki halda bütün tərəflər qaz kəmərinin çəkili üçün bu cür şirkətin formalaşdırılmasının tərəfdarıdır.

Qeyd edək ki, Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov TƏPH layihəsinin xüsusi əhəmiyyətli olduğunu bildirib.

Onun sözlərinə görə, bu transmilli qaz kəməri iştirakçı dövlətlərə bir sıra aktual sosial və humanitar problemlərin həllinə, eyni zamanda, yeni iş yerlərinin yaradılmasına imkan verəcək.

Xatırladaq ki, TƏPH layihəsinin hüquqi bazasını 2010-cu ildə Aşqabadda iştirakçı dövlətlərin imzaladıqları saziş təşkil edir. Lakin layihənin reallaşdırılmasında ciddi əngəl Əfqanıstanın qeyri-stabil olmasıdır. Amma rəsmi Kabul qaz kəmərinin təhlükəsizliyini təmin edəcəyinə söz verib.

TƏPH layihəsi çərçivəsində ildə 33 milyard kubmetr qazın nəql edilməsi nəzərdə tutulub. Kəmərin uzunluğu isə 1735 kilometr olacaq. Qaz kəməri Türkmənistanın "Qalkınış" yatağından başlayaraq, Herat və Qəndəhər şəhərlərindən keçərək, Pakistanla Hindistanın sərhəddində yerləşən Fazilka şəhərilə birləşməlidir.

Xəbər lenti

Xəbər lenti