...

“Rosneft”: Bakı-Novorossiysk neft kəmərinin əks istiqamətdə işləməsi effektiv ola bilər

Energetika Materials 27 Avqust 2013 13:58 (UTC +04:00)
Rusiyanın “Rosneft” şirkəti Bakı-Novorossiysk nəft kəməri üzrə revers imkanlarını istisna etmir.
“Rosneft”: Bakı-Novorossiysk neft kəmərinin əks istiqamətdə işləməsi effektiv ola bilər

Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir E.İsmayılov/

Rusiyanın "Rosneft" şirkəti Bakı-Novorossiysk nəft kəməri üzrə revers imkanlarını istisna etmir. Trend-in məlumatına görə, bu barədə "Praym" agentliyi "Rosneft" ASC-nin İdarə Heyətinin sədri İqor Seçinə istinadən bildirib.

Seçinin sözlərinə görə, Bakı-Novorossiysk boru kəməri ilkin olaraq Rusiyadan Azərbaycan istiqamətinə tikilib: "Ola bilsin ki, indi baş verənlər ( neftin Azərbaycandan Rusiyaya nəql olunması) özü elə reversdir".

Xatırladaq ki, daha əvvəl ARDNŞ-in rəhbəri Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və Rusiyanın "Rosneft" şirkəti Bakı-Novorossiysk neft kəməri ilə "Urals" markalı neftin geri nəqlinə dair danışıqlar aparırlar.

Abdullayevin sözlərinə görə, tərəflər "Urals" markalı neftin qismən Bakı-Tbilsi-Ceyhan vasitəsilə nəql olunaraq oradan da "Rosneft" şirkətinin pay sahibi olduğu İtaliya və Almaniyada yerləşən NEZ-lərdə (neft emalı zavodu) emalı imkanı haqqında danışıqlar aparırlar.

Həmçinin Bakı-Novorossiysk kəməri vasitəsilə Azərbaycana göndəriləcək neftin bir hissəsinin emal olunması məsələsi də müzakirə edilir.

Abdullayev vurğulayıb ki, ilin sonuna kimi tərəflər danışıqları davam etdirmək və bu əməliyyatların effektivliyinin qiymətləndirməsini aparmaq niyyətindədirlər. Razılığa gəlindiyi təqdirdə, bu əməliyyatlar gələn ildən başlaya bilər.

ARDNŞ rəhbərinin sözlərinə görə, Bakı-Novorossiysk kəməri ilə neftin nəqli barədə əməliyyatlar və "Rosneft"lə layihənin reallaşdırılması ilə bağlı məsələləri sonuncu özü "Transneft"lə (Rusiyada neft kəmərinin inhisar operatoru) həll edəcək.
ARDNŞ və "Rosneft"in başqa mümkün layihələri haqqında danışan Azərbaycan şirkətinin rəhbəri vurğulayıb ki, tərəflər treydinq əməliyyatları sahəsində layihələrin reallaşdırılmasında maraqlıdırlar.

"Rosneft" xüsusilə ARDNŞ-in Fuceyra (BƏƏ), Ceyhan (Türkiyə), Afrika ölkələri, Sinqapur və digər ölkələrdə ARDNŞ-in neft və neft məhsulları saxlamaq imkanlarına böyük maraq göstərir.

ARDNŞ və "Rosneft"in hasiletmə layihələrində əməkdaşlığına toxunan Abdullayev bildirib ki, hər iki şirkət qarşılıqlı əməkdaşlıqda maraqlıdır. "Lakin əsas məsələ iqtisadi məqsəd olaraq qalır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti