Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir E.İsmayılov/
Türkiyədə həyata keçirilən bütün layihələr nəzərə alınmaqla ARDNŞ-nin bu ölkəyə yatıracağı investisiyaların həcmi 17 milyard dollara çatacaq. Trend-in məlumatına görə, bunu şənbə günü Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev ilin yekunlarına həsr edilmiş tədbir çərçivəsində deyib.
R.Abdullayev həmin layihələr arasında Trans-Anadolu qaz kəməri layihəsi, İzmirdə yeni STAR neft emalı zavodu, Petkim konteyner limanı və elektrik stansiyalarının tikintisini qeyd edib.
Onun sözlərinə görə, ARDNŞ digər ölkələrdə də layihələrin reallaşdırılması üzrə işləri davam etdirir: "Belə ki, İsveçrədə avtomobil yanacaqdoldurma məntəqələrinin rebrendinq prosesi artıq başa çatıb və ARDNŞ İsveçrə bazarında lider olmaq üçün səylərini aktivləşdirmək niyyətindədir".