...

SOCAR-ın yeni vitse-prezidentləri təqdim olunub (FOTO)

Energetika Materials 19 Aprel 2016 20:17 (UTC +04:00)
Aprelin 19-da SOCAR-ın yeni təyin olunmuş vitse-prezidentlərin təqdim olunma mərasimi keçirilib.
SOCAR-ın yeni vitse-prezidentləri təqdim olunub (FOTO)

Bakı. Trend:

Aprelin 19-da SOCAR-ın yeni təyin olunmuş vitse-prezidentlərin təqdim olunma mərasimi keçirilib.

Trend-in SOCAR-ın saytına istinadən verdiyi məlumata görə, şirkətin prezidenti Rövnəq Abdullayev çıxış edərək bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev 17 mart 2016-cı il tarixində "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında" müvafiq fərman imzalayıb. Fərmanla SOCAR-ın idarəetmə strukturunda birinci vitse-prezident; neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə; geologiya və geofizika məsələləri üzrə; yataqların işlənməsi üzrə vitse-prezident ştatlarının yaradılmasına qərar verilib. Azərbaycan Prezidenti İlham Əliyevin 18 aprel 2016-cı il tarixli sərəncamları ilə yeni yaradılmış birinci vitse-prezident vəzifəsinə akademik Xoşbəxt Yusifzadə, neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezident vəzifəsinə Rəhman Qurbanov, geologiya və geofizika məsələləri üzrə vitse-prezident vəzifəsinə Bəhram Hüseynov, yataqların işlənməsi üzrə vitse-prezident vəzifəsinə isə Yaşar Lətifov təyin olunub.

R.Abdullayev yeni təyin olunmuş vitse-prezidentlərin əmək fəaliyyətindən danışıb, onların SOCAR-da böyük nüfuza malik yüksək səviyyəli rəhbər kadrlar olduğunu vurğulayıb. Şirkətin həyata keçirdiyi layihələrə, planlaşdırdığı genişmiqyaslı tədbirlərə toxunan SOCAR prezidenti şirkətin əldə etdiyi nailiyyətlərlə kifayətlənməyəcəyini, daim təkmilləşəcəyini, idarəetmə aparatının müasir tələblərə uyğunlaşdırılacağını söyləyib, dövlətimizin başçısını əmin edib ki, neftçilər hər zaman olduğu kimi, yenə də onlara bəslənən inam və etimadı öz işləri ilə doğruldacaqlar. O, yeni təyin olunmuş birinci vitse-prezident akademik X.Yusifzadəni, vitse-prezidentlər R.Qurbanovu, B.Hüseynovu və Y.Lətifovu təbrik edərək, onların qarşısında mühüm vəzifələr dayandığını qeyd edib və bu vəzifələrin icrasında onlara müvəffəqiyyətlər arzulayıb.

Daha sonra SOCAR-ın yeni təyin olunmuş vitse-prezidentləri layiq görüldükləri böyük etimada görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib və bu etimadı doğrultmaq üçün əllərindən gələni edəcəklərini söyləyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti