Bakı. Ceyhun Ələkbərov - Trend:
Qusar rayonu, Qusar-Laza yolunun 29-cu kilometrliyində yerləşən Dövlət Turizm Agentliyinə məxsus “Şahdağ Turizm Mərkəzi” QSC-nin ərazisində SOCAR brendli yeni modul tipli yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib.
Bu barədə Trend-ə Dövlət Neft Şirkətinin (SOCAR) törəmə müəssisəsi - “SOCAR Petroleum” QSC-dən bildirilib.
Məlumata görə, bununla da, SOCAR brendi ilə fəaliyyət göstərən YDM-lərin sayı 38-ə çatdırılıb.
“SOCAR Petroleum”un peşəkar mühəndis heyətinin ərsəyə gətirdiyi bu YDM dəniz səviyyəsindən 1 600 metr yüksəklikdə, 1 500 m2 ərazidə yerləşir. Qusar rayonunda hərəkət edən sürücülər, eyni zamanda "Şahdağ Turizm Mərkəzi"nə gələn qonaqlar üçün bu YDM yerləşmə yerinə görə daha əlverişlidir. Yeni istifadəyə verilmiş modul tipli məntəqədə 2 yanacaqpaylayıcı kalonka quraşdırılıb. Beləliklə bu YDM-də “A-92” markalı benzin və “Dizel” tipli yanacaq məhsullarının satışı həyata keçiriləcək. Bununla da 2 kiçik və iritutumlu avtonəqliyyat vasitələrinin yanacaqla təmin edilməsi üçün şərait yaradılıb.
“Şahdağ Turizm Mərkəzi”nin sədri Rodderik Leffler yeni istifadəyə verilmiş YDM ilə bağlı fikirlərini bölüşərək qeyd edib: “Bu gün bizim üçün əlamətdar bir gündür. Ölkənin ən böyük turizm layihəsinin xidmətlərinin sırasına yanacaq doldurma məntəqəsi də əlavə olunur. Bu həm bizim kompleksimizin qonaqları üçün, həm də ətraf kəndələrin sakinləri üçün möhtəşəm yenilik və çox zəruri ehtiyacın ödənilməsi üçün praktik bir xidmətdir. Biz çox şadıq ki, tərəfdaşımız məhz ölkənin flaqman yanacaq brendi olan SOCAR-dır. Bu YDM, kompleksimizin infrastrukturunu ciddi şəkildə zənginləşdirir. Eyni zamanda, qeyd edim ki, bu günə qədər kompleksə ən yaxın YDM 30 km. məsafədə yerləşirdi. Bu isə istirahət üçün kompleksə gələn qonaqlara, eyni zamanda ətraf kəndlərin əhalisinə çətinlik törədirdi".
“SOCAR Petroleum” 38 YDM ilə yanaşı, 11 neft terminalından ibarət neft məhsullarının topdan satışı şəbəkəsinə sahibdir. Sıxılmış təbii qazın (CNG) mühərrik yanacağı kimi tətbiq olunmasında lider olan şirkətin bu tip yanacağın istehsalı və satışı üçün terminalı fəaliyyət göstərir. “SOCAR Petroleum”un fəaliyyətinin prioritet istiqamətləri təhlükəsizlik, yanacaq satışının dəqiqliyi və xidmət rahatlığına xüsusi diqqət yetirərək müştərilərin ehtiyaclarını təmin etməkdir.