Bakı. Ləman Zeynalova, Orxan Nəbiyev - Trend
"Şimali Qafqaz-Zaqafqaziya" qaz kəmərinin təmiri ilə əlaqədar Rusiya qazı Ermənistana müvəqqəti olaraq Azərbaycan ərazisindən nəql olunacaq.
Trend-in məlumatına görə, bu barədə "Qazprom Eksport" şirkətinin mətbuat xidməti bildirib.
Qeyd olunur ki, bununla əlaqədar olaraq Azərbaycan Dövlət Neft Şirkəti ilə (SOCAR) qısamüddətli müqavilə imzalanıb.
Müqaviləyə əsasən, qaz Azərbaycan ərazisindən Gürcüstan sərhədinədək nəql olunacaq.
SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov Trend-ə bildirib ki, müvafiq ödəniş müqabilində Rusiya qazının Azərbaycan üzərindən Gürcüstana müvəqqəti tranzit nəqli ilə bağlı razılıq əldə olunub.
"Şimali Qafqaz - Zaqafqaziya magistral boru kəmərində müvəqqəti təmir işləri aparılır. Bununla əlaqədar Rusiya tərəfi özünə məxsus olan təbii qazın Azərbaycan ərazisindən Gürcüstan ərazisinə tranzit nəqli ilə bağlı Azərbaycana müraciət etmiş, müvafiq ödəniş müqabilində Rusiya qazının Azərbaycan üzərindən Gürcüstana müvəqqəti tranzit nəqli ilə bağlı razılıq əldə olunmuşdur."