...

Azərbaycan iqlim dəyişiklikləri üzrə bütün qlobal tələbləri dəstəkləyir - Pərviz Şahbazov

Energetika Materials 5 Noyabr 2021 10:34 (UTC +04:00)
Azərbaycan iqlim dəyişiklikləri üzrə bütün qlobal tələbləri dəstəkləyir - Pərviz Şahbazov

Bakı. Sədrəddin Ağcayev - Trend:

Azərbaycan iqlim dəyişiklikləri üzrə bütün qlobal tələbləri dəstəkləyir, eləcə də öz həll yollarını təqdim edir.

Trend-in məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov “COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumunda “İqlim dəyişikliyinə qarşı mübarizə və qlobal enerji ehtiyaclarını qarşılamaq: hər ikisini necə edə bilərik?” mövzusunda paneldə çıxışı zamanı deyib.

Nazir bildirib ki, bu forum qlobal problemlərin müzakirəsi və həlli üçün platformaya çevrilib:

"Qlobal iqlim dəyişiklikləri bu gün bütün dünya ölkələrinin gündəliyinə daxildir və bu məsələ bir neçə gün əvvəl Qlazqoda fəal şəkildə müzakirə olunub. Hesab edirəm ki, bizim üzərimizdə olan məsuliyyət siyasi rıçaqlarla tənzimlənməlidir".

Onun sözlərinə görə, Avropada enerji ilə bağlı bugünkü mənfi vəziyyət inkişaf etməməlidir:

"Biz Avropa ölkələrinə bu problemi həll etməkdə kömək etməliyik. Bundan başqa, hansısa problemin həllində bir sektora diqqət ayırmaq lazım deyil, biz cari problemləri genişləndirilmiş şəkildə həll etməliyik".

P.Şahbazov əlavə edib ki, 2020-ci ildə dünyada elektrik enerjisinin istehsalında bərpa olunan enerji mənbələrinin payı 29 faizə çatıb: "Biz bilirik ki, bu kifayət deyil. Biz bu potensialı genişləndirməliyik".

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə carı ilin 4-6 noyabr tarixlərində “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu keçirilir.

Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqların iştirak edirlər.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti