...

ARDNF-in 2023-cü il üçün proqnozlaşdırılan gəlir və xərcləri açıqlanıb

Energetika Materials 23 Dekabr 2022 11:30 (UTC +04:00)
ARDNF-in 2023-cü il üçün proqnozlaşdırılan gəlir və xərcləri açıqlanıb

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2023-cü il büdcə layihəsində gəlirlər təqribən 8 milyard 999 milyon dollar, xərcləri isə 11 milyard 392 milyon manatdan çox nəzərdə tutulub.

Bunu Trend-ə müsahibəsində ARDNF-in icraçı direktorunun müşaviri Bəhruz Bəhramov deyib.

Onun sözlərinə görə, Fondun 2023-cü il büdcəsində neftin bir barelinin proqnoz qiyməti 50 dollar/barel səviyyəsində müəyyən edilib.

"Neft-qaz sazişlərinin icrası hesabına 7,4 milyard manat məbləğində gəlirlərin cəlb edilməsi nəzərdə tutulur. Eyni zamanda, fondun vəsaitlərinin idarə olunmasından 1,6 milyard manat vəsaitin daxil olması proqnozlaşdırılır. Bundan əlavə, qeyd etmək istərdim ki, dövlət büdcəsinə 11,28 milyard manat vəsaitin cəlb edilməsi nəzərdə tutulur. Bu büdcə proqnozlarının icrası kontekstində 2023-cü il üçün büdcə kəsirinin 2,4 milyard manat olacağı gözlənilir”, - deyə Bəhramov qeyd edib.

Onun sözlərinə görə, bundan başqa, ARDNF-nin 2022-ci il üçün təsdiq edilmiş büdcəsində neft-qaz sazişlərinin icrası ilə bağlı gəlirlər 15,8 milyard manat həcmində qiymətləndirilir:

“Bu ilin yanvar-sentyabr aylarında neft-qaz sazişlərinin icrası ilə əlaqədar Fondun büdcəsinə 15,887 milyard manata yaxın vəsait daxil olub və ilin sonuna bu məbləğin 19,972 milyard manata yaxınlaşacağı proqnozlaşdırılır”.

Dövlət Neft Fondunun investisiya strategiyasından danışan B.Bəhramov bildirib ki, neft və qaz gəlirlərinin həm indiki, həm də gələcək nəsillər üçün toplanması və idarə olunması məqsədləri ilə yanaşı, Fondun əsas məqsədlərindən biri də makroiqtisadi sabitliyin təmin edilməsi, eləcə də iqtisadi şokların ölkə iqtisadiyyatına mənfi təsirlərini azaltmaq, yəni xarici bazarlarda iqtisadi qeyri-sabitlik zamanı “təhlükəsizlik yastığı” rolunun həyata keçirilməsidir.

Fondun investisiya portfelinin aktiv növləri üzrə strukturuna gəldikdə isə, portfelin 63 faizini istiqrazlar və pul bazarı alətləri, 18,7 faizini səhmlər, 6,3 faizini daşınmaz əmlak, 12 faizini isə qızıla investisiyalar (101,8 ton) təşkil edir. ARDNF-nin investisiya portfelinin valyuta strukturu aşağıdakı kimi bölüşdürülüb: 70,8 faiz - ABŞ dolları, 19 faiz - avro, 4,7 faiz - funt sterlinq, qalan hissəsi (5,5 faiz) - Avstraliya dolları, türk lirəsi, rus rublu , Çin yuanı, yapon ieni və digər valyutalar.

“Kredit reytinqinə əsasən, istiqrazlar və pul bazarı alətləri portfelinin 69,9 faizi AAA reytinq alətlərinə, qalan hissəsi isə AA (16,7 faiz), A (10 faiz), BBB (2,6 faiz) kredit reytinqi alətlərinə yatırılıb. Bu portfelin yalnız 0,8 faizi qeyri-investisiya dərəcəli alətlərə yatırılıb”, - deyə Bəhramov bildirib.

Səhmlərə qoyulan investisiyalara gəlincə, B.Bəhramov vurğulayıb ki, Fond 23 inkişaf etmiş ölkədə 14 valyutada 1600-dən çox şirkəti əhatə edən portfel formalaşdırıb.

"Onu da qeyd etmək istəyirəm ki, 2012-ci ildən ARDNF Şimali Amerika, Avropa və Asiya-Sakit Okean regionunun bir sıra inkişaf etmiş ölkələrində müxtəlif növ daşınmaz əmlaka investisiyalar yatırır. Birbaşa, birgə və fond investisiyaları vasitəsilə ARDNF artıq 500-dən çox daşınmaz əmlak obyektinə sərmayə qoyub”, - deyə o bildirib.

Həmçinin müşavir bildirib ki, mövcud iqtisadi və geosiyasi reallıqlar Fondun aktivlərinə müəyyən təzyiqlər yaradır.

"Fondumuzun investisiya portfelinə, eləcə də digər institusional investorların portfelinə COVID-19-un nəticələri, enerji bazarındakı qeyri-sabit vəziyyət, inflyasiya, iqtisadi və geosiyasi dəyişikliklər təsir edir. Nəzərə alsaq ki, ARDNF uzunmüddətli investor hesab edilir və investisiya qərarları spekulyativ xarakter daşıyan qısamüddətli perspektivə əsaslanmır”, - deyə Bəhramov bildirib.

O xatırladıb ki, bu ilin üçüncü rübünün sonunda Fondun investisiya portfeli 45,4 milyard dollardan çox olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti