...

Rumıniya və Azərbaycan təbii qaz nəqlinin mexanizmlərini təkmilləşdirir - Vircil-Daniel Popesku (Müsahibə)

Energetika Materials 3 Fevral 2023 11:02 (UTC +04:00)
Rumıniya və Azərbaycan təbii qaz nəqlinin mexanizmlərini təkmilləşdirir - Vircil-Daniel Popesku (Müsahibə)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

"Romgaz" və SOCAR Azərbaycandan Rumıniyaya təbii qaz nəqlinin mexanizmlərini təkmilləşdirmək niyyətindədir.

Bu barədə Rumıniyanın energetika naziri Vircil-Daniel Popesku Trend-ə eksklüziv müsahibəsində deyib.

O, 2022-ci il oktyabrın 19-da Rumıniyanın təbii qaz istehsalçısı "Romgaz"ın Qara dənizdə maye təbii qazın istehsalı üzrə layihənin birgə hazırlanması imkanlarını öyrənmək üçün Azərbaycanın Dövlət Neft Şirkəti SOCAR ilə Anlaşma Memorandumu imzaladığını xatırladıb.

"Layihə maye təbii qaz üçün terminalın və təkrar qazlaşdırma terminalının, habelə Xəzər dənizi hövzəsindən Rumıniyaya qaz nəqli üçün zəruri digər obyekt və qurğuların inşasını əhatə edəcək. Həmçinin 2022-ci ilin dekabrında "Romgaz" və Azərbaycan Dövlət Neft Şirkətinin törəməsi olan SOCAR TRADING arasında Azərbaycandan Rumıniyaya qaz tədarükü üzrə ilk saziş imzalanıb. Saziş 2023-cü il yanvarın 1-dən başlayaraq Cənub Qaz Dəhlizi ilə TAP və IGB boru kəmərlərinin ötürücülük qabiliyyətindən, həmçinin Bolqarıstan və Rumıniyaya ötürmə sistemindən istifadə etməklə planlı şəkildə qaz tədarükünü nəzərdə tutur. Saziş bu yaxında iki şirkət arasında qeyri-məhdud müddətə bağlanmış Anlaşma Memorandumuna əsaslanıb. Bu sazişin imzalanması idxal olunan qaz hesabına potensial tələbin qarşılanması üçün Azərbaycandan təbii qaz nəql etmək imkanını təmin edir. Beləliklə, saziş təhlükəsizliyin təmin olunması və qaz mənbələrinin diversifikasiyası üzrə strateji məqsədlərə və xidmət edir", - nazir deyib.

Daha sonra Vircil-Daniel Popesku Azərbaycandan təbii qazın tədarükünə dair Anlaşma Memorandumunun, həmçinin yuxarıda qeyd olunan sazişin "Romgaz" və SOCAR arasında səmərəli əməkdaşlığın nəticəsi olduğunu qeyd edib.

"Tərəflər əməkdaşlığı davam etdirmək və Azərbaycandan Rumıniyaya təbii qaz nəqlinin mexanizmlərini təkmilləşdirmək niyyətindədir", - nazir deyib.

Vircil-Daniel Popesku Azərbaycandan Avropaya qaz tədarükünün başlamasının Cənub Qaz Dəhlizinin reallaşmasına cəlb edilmiş bütün ölkələrin birgə cəhdləri sayəsində mühüm nailiyyət olmaqla yanaşı, Avropa enerji bazarı üçün qaz təchizatının mənbələrinin və marşrutlarının diversifikasiyası baxımından mühüm dönüş nöqtəsi olduğunu qeyd edib.

"2022-ci ilin iyul ayında Avropa Komissiyası Azərbaycan Respublikası ilə Azərbaycan qazının 2027-ci ilədək minimum 20 milyard kubmetrədək artırılmasına dair Anlaşma Memorandumu imzalayıb. Qərar Rusiya Federasiyasından qazıntı yanacağının nəqlindən imtina ilə bağlı daha geniş siyasət çərçivəsində qəbul olunub. Rumıniya Azərbaycanla 2009-cu ildən etibarən möhkəm strateji tərəfdaşlığa malikdir. Ölkəmiz alternativ enerji marşrutlarının və mənbələrinin axtarışı üzrə işləri gücləndirməklə bu sahədə qonşularımız Ukrayna və Moldova Respublikasına da dəstək göstərir. Cənub Qaz Dəhlizi yaradıldığı vaxtdan etibarən Rumıniyanın davamlı olaraq dəstəklədiyi və hər il getdikcə daha çox aktuallıq qazanaraq Avropada enerji təhlükəsizliyində özünün artmaqda olan əhəmiyyətini sübut edən bir layihədir", - o əlavə edib.

"Yaşıl Dəhliz" layihəsinin gedişatı

Nazir Rumıniyanın artıq Azərbaycanda "yaşıl" enerji layihəsinə investisiyaların qoyulması ilə bağlı şirkətlərlə danışıqlar apardığını bildirib.

O, 2022-ci il dekabrın 17-də Rumıniya, Azərbaycan, Gürcüstan və Macarıstanın "yaşıl" enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzaladıqlarını xatırladıb. Saziş Buxarestdə Azərbaycan Prezidenti İlham Əliyev, Rumıniyanın Baş naziri Nikolae Çuke, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və Macarıstanın Baş naziri Viktor Orban tərəfindən imzalanıb. İmzalama mərasimində Rumıniyanın Prezidenti Klaus Yohannis və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen də iştirak ediblər.

"Saziş dörd ölkənin milli və regional enerji təhlükəsizliyinin möhkəmlənməsində marağına və Qara dəniz hövzəsində qarşılıqlı əlaqələrə, tədarük mənbələrinin diversifikasiyasına, Xəzər dənizi bölgəsində bərpa olunan enerji istehsalının potensialından istifadəyə və milli energetika balansında bərpa olunan enerjinin payının artırılmasına əsaslanıb. Dördtərəfli hökumətlərarası saziş Rumıniya Azərbaycan arasında Gürcüstan və Qara dəniz vasitəsilə elektrik enerjisinin ötürülməsi, daha sonra bu enerjinin Avropa ötürmə sistemi vasitəsilə Macarıstana və Avropanın digər hissələrinə ötürülməsi üçün sualtı kabel layihəsinin reallaşdırılmasının maliyyə və texniki əsasını təmin edir ", - nazir deyib.

Popesku həmçinin Rumıniyanın bu mühüm layihədə aktiv rol oynadığını və hökumətin layihənin maliyyələşdirilməsinə dair artıq şirkətlərlə danışıqlara başladığını qeyd edib.

"Rumıniya bu layihənin köməyilə həmçinin region ölkələrinin enerji təhlükəsizliyini möhkəmləndirmək niyyətindədir", - Vircil-Daniel Popesku əlavə edib.

Tvitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti