Bakı. Trend:
Macarıstanın "MOL Group" şirkətinə məxsus olan "Slovnaft" neft emalı zavodu (NEZ) tezliklə "Azeri Light" markalı neftin emalına başlayacaq.
Trend-ə bu barədə "Slovnaft"dan deyiblər.
Qeyd edək ki, "MOL Group" bu yaxınlarda tarixdə ilk dəfə olaraq Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan Azərbaycan neftini özünün Slovakiyadakı neft emalı zavoduna nəql edib.
"Xam "Azeri Light" neftini neft emalı zavodunda mayın əvvəlində emal etməyi planlaşdırırıq", - deyə "Slovnaft"dan bildiriblər.
Zavoddan deyilənə görə, AÇG-dən neftin nəqli birdəfəlik olub, lakin bunu müntəzəm etmək mümkündür.
"Artıq qərar verə bilərik ki, AÇG yatağında hasil olunan xam neft payımızı sataq və ya onu neft emalı zavodumuza nəql edək. Bu da Slovakiyada, həmçinin regionumuzda tədarüklərin etibarlılığını artırır", - deyə "Slovnaft"dan bildiriblər.
Qeyd edək ki, "MOL" "Azəri-Çıraq-Günəşli" blokunda səhmlərin 9,57%-nə sahibdir.
bp-nin məlumatlarına əsasən, 2022-ci il üçün AÇG-dən ümumi hasilat – Çıraq (25 200), Mərkəzi Azəri (104 100), Qərbi Azəri (106 400), Şərqi Azəri (64 000), Dərinsulu Günəşli (76 300) və Qərbi Çıraq (39 400) platformalarından birlikdə – gündə orta hesabla 415 400 barel və ya ümumilikdə təxminən 152 milyon barel, yəni 20 milyon ton olub.
AÇG-də iştirak payları aşağıdakı kimidir: BP- 30,37%; SOCAR- 25,00%; MOL- 9,57%; INPEX- 9,31%; Equinor- 7,27%; ExxonMobil- 6,79%; TPAO- 5,73%; ITOCHU- 3,65% və ONGC Videsh Limited (OVL)- 2,31%.
Twitter: @Lyaman_Zeyn