...

TAP imkanların genişləndirilməsi üzrə yeni bazar sınağını işə salacaq (ÖZƏL)

Energetika Materials 21 İyun 2023 14:19 (UTC +04:00)
TAP imkanların genişləndirilməsi üzrə yeni bazar sınağını işə salacaq (ÖZƏL)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Trans-Adriatik Boru Kəməri (TAP) konsorsiumu iyulda 2023-cü ilin yeni bazar sınağını işə salacaq, sınaq qeyri-məcburi mərhələ ilə başlayacaq.

Bu barədə Trend-ə özəl müsahibəsində çərşənbə günü Trans-Adriatik Boru Kəməri (TAP) üzrə icraçı direktor Luka Skyepatti deyib.

"TAP-ın ilkin uzunmüddətli imkanları layihənin icrasına investisiyaların dəstəklənməsi üçün 25 illik uzunmüddətli sazişlər əsasında yükgöndərən tərəfindən ayrılıb. Lakin biz Avropanın enerji təhlükəsizliyini daha çox dəstəkləyə bilərdik, belə ki, TAP-ın imkanlarını ildə təqribən 20 milyard kubmetrədək genişləndirmək mümkündür", - o deyib.

L.Skyepatti TAP-ın genişləndirilməsi üçün mütəmadi bazar sınaqlarının açıq, şəffaf və qeyri-diskriminativ formada həyata keçirildiyini qeyd edib.

"Bazar sınaqları ən azı hər tək ildə iki mərhələdə həyata keçirilir: bunlar məcburi və qeyri-məcburi mərhələlərdir. 2021-ci ilin bazar sınağının məcburi mərhələsi 2023-cü ilin yanvarında başa çatdı ki, nəticədə 2026-cı ildən etibarən uzunmüddətli müqavilələr hesabına ildə əlavə təqribən 1,2 milyard kubmetr ayırmaq məqsədilə imkanların genişləndirilməsinin birinci mərhələsini başlatmaq mümkün oldu. Bazarın tələbatlarını qarşılamaq məqsədilə bazar sınağının ikinci məcburi mərhələsinin 2023-cü ilin dekabrında başladılacağı gözlənilir. Paralel olaraq tənzimləməyə uyğun olaraq, 2023-cü ilin iyul ayında qeyri-məcburi mərhələdən başlayaraq yeni bazar sınağı (2023-cü ilin bazar sınağı) başladılacaq", - deyə o əlavə edib.

Qeyd edək ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP vasitəsilə hər il İtaliyaya səkkiz milyard kubmetr, Yunanıstan və Bolqarıstanın hər birinə isə bir milyard kubmetr həcmində qaz nəql olunur.

31 dekabr 2020-ci ildə Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəqli başladılıb. Azərbaycan tarixdə ilk dəfə öz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarıb. Dünyada təbii qazın ən iri idxalçısı olan Avropa bazarına birbaşa çıxışla Azərbaycan öz ixrac imkanlarını diversifikasiyalaşdırıb.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti