...

"Black Sea Energy" layihəsi: Mərkəzi Asiya üçün Avropa bazarına müstəsna çıxış imkanı

Energetika Materials 13 Noyabr 2023 17:12 (UTC +04:00)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Dünyanın ən böyük elektrik enerjisi istehlakçılarından biri olan Avropa İttifaqında (Aİ) enerji daşıyıcılarına artan tələbat yeni layihələrin başlamasına təkan verir. Nəticədə Azərbaycanın Avropa üçün əhəmiyyəti artır. Azərbaycan aparıcı enerji ötürmə texnologiyalarının hazırlanmasında xüsusi rol oynayır.

2022-ci ilin dekabrında Buxarestdə "Global Gateway" təşəbbüsü çərçivəsində yeni layihə təsdiq oluub. "Black Sea Energy" sualtı elektrik kabel layihəsi Avropa üçün təhlükəsiz enerji mənbələrinin yaradılmasına yönəlib. Bununla əlaqədar olaraq, Buxarestdə Avropa Komissiyası, Azərbaycan, Rumıniya, Macarıstan və Gürcüstan arasında Strateji Tərədaşlıq haqqında Saziş imzalanıb.

Layihənin əsas prioritetini Azərbaycan və Gürcüstan ərazisindən keçən sualtı elektrik kabeli vasitəsilə Rumıniyaya bərpa olunan enerjinin tədarükü təşkil edir. İlkin olaraq 2,3 milyard dollarlıq büdcəyə malik layihənin 2029-cu il üçün istismara veriləcəyi gözlənilir.

Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen sazişlə bağlı açıqlamasında bu layihənin Aİ və Cənubi Qafqaz ölkələrini yaxınlaşdıracağını bildirib. Cənubi Qafqazın iki ölkəsi - Azərbaycan və Gürcüstan bir sıra enerji və tranzit təşəbbüslərini, o cümlədən Bakı-Tbilisi-Ceyhan layihəsini həyata keçirməklə Avropa üçün mühüm layihələrdə nə dərəcədə mühüm tərəfdaşlar olduqlarını sübut ediblər. Gələcəkdə, regionda sülh və sabitlik təmin ediləndən sonra Ermənistanın da bu təşəbbüsə qoşulacağı istisna deyil. Hər üç tərəfin alternativ enerji sahəsində mühüm potensiala malik olması faktı onları Avropa üçün mühüm strateji tərəfdaşlara çevirir.

Bütünlükdə Azərbaycanın bərpa olunan enerji potensialı quruda 27 qiqavatt və Xəzər dənizinin şelfində 157 qiqavattdır. 2027-ci ilədək bu potensialın 4 qiqavattı reallaşdırılacaq, 80 faizi isə ixraca yönələcək və tezliklə bu rəqəmin 25 qiqavattadək artacağı gözlənilir. Azərbaycan 2027-ci ilədək 6 qiqavatt əlavə ötürücülük imkanının yaradılmasını planlaşdırır. Bir neçə ay sonra isə enerji təhlükəsizliyini təmin edən sualtı kabel layihəsinin kompleks texniki-iqtisadi əsaslandırması hazır olacaq. Hazırda 4 qiqavatt bərpa olunan enerji üçün texniki-iqtisadi əsaslandırma hazırlanır.

Bir qədər əvvəl Oksford Enerji Tədqiqatları İnstitutunun (OIES) baş elmi işçisi Culian Boudenin Trend-ə müsahibəsində dediyi kimi, Qara dəniz sualtı kabel layihəsi Azərbaycanın etibarlı enerji tədarükçüsü kimi rolunu möhkəmləndirəcək. O, Azərbaycan qazının artıq Avropanın dekarbonizasiyasında həlledici rol oynadığını qeyd edib.

Fəlsəfə doktoru, "Atlantik Şurası" nəzdində Avrasiya Mərkəzinin baş elmi işçisi, Beynəlxalq Vergi və İnvestisiya Mərkəzinin Enerji, Artım və Təhlükəsizlik üzrə Proqramının idarəedici direktoru Ariel Kohen Azərbaycanın Avropaya ekoloji cəhətdən təmiz elektrik enerjisinin böyük ixracçısı olmaq niyyətini qeyd edib.

"Azərbaycan 10 qiqavatt gücündə elektrik enerjisinin nəqlinə dair anlaşma memorandumları imzalayıb və bunların üçdə biri və ya yarısı reallaşdırılarsa, bu, Avropa üçün əsas enerji mənbəyi olacaq. İdeya bu elektrik enerjisinin kabellə Gürcüstan sahillərinə, daha sonra isə Qara dəniz vasitəsilə Rumıniyaya ixracından ibarətdir. Bunun bir hissəsi Türkiyəyə elektrik şəbəkəsi vasitəsilə daxil olacaq. Bu, ixrac üçün əlçatan qazın kəmiyyətini artıra və Azərbaycanı elektrik enerjisinin böyük ixracçısı edə bilər", - deyə o bildirib.

Həqiqətən də, bu layihə artıq sazişi imzalamış ölkələrin hüdudlarından kənara çıxa bilər, belə ki, bütün Avropada elektrik şəbəkələrinə qoşulma yaxşı inkişaf edib. Avropanın enerji sisteminə inteqrasiya zamanı Azərbaycanda hasil olunan elektrik enerjisi Avropanın hissəsinə daxil ola bilər və mənbəyi Azərbaycanın bərpa olunan enerji mənbələri (BEM) ola bilər.

Müxtəlif enerji resurslarına, xüsusən bərpa olunan enerji mənbələrinə artan tələbatı nəzərə aldıqda Türkmənistan və Qazaxıstan da özlərinin geniş BEM resurslarının Avropaya ixracı üçün Azərbaycanla yanaşı "yaşıl dəhliz" təşəbbüsünə qoşula bilərlər. Türkmənistan artıq Xəzər dənizi vasitəsilə Azərbaycana və Türkiyəyə elektrik enerjisi tədarük etməyə hazır olduğunu bildirib. Hazırda ölkə Özbəkistan və Qırğızıstan kimi qonşu ölkələri elektrik enerjisi ilə təmin edir. Bu yaxında Xəzər dənizinin Türkmənistan sahilində Türkmənbaşı şəhəri yaxınlığında 1574 meqavatt gücündə yeni elektrik stansiyasının təməli qoyulub.

2022-ci ilin sonundakı məlumatlara əsasən, Qazaxıstanda ümumi gücü 2400 meqavatt olan 130 bərpa olunan enerji obyekti istismar olunur. Öncəki il ölkədə bərpa olunan enerji istehsalı 5,11 milyard kilovatt-saata çatıb ki, bu da elektrik enerjisi istehsalının ümumi həcminin 4,53 faizini təşkil edir. 2023-cü ildə bu göstəricinin 5 faizə çatacağı gözlənilir. Bundan başqa, 2022-ci ildə ümumi gücü 385 meqavatt olan və 180 milyard tenge (374 milyon dollar) dəyərində investisiyaların qoyulduğu 12 bərpa olunan enerji obyekti istismara verilib. Bu il ümumi gücü 276 meqavatt olan 15 obyektin istismara veriləcəyi gözlənilir.

Bundan başqa, Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik kabel çəkilişi üzərində çalışmaqla, perspektiv layihədə fəal iştirak edirlər. Təkcə bu təşəbbüs Avropa ilə Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizi yaratmaqla rabitə xidmətləri göstərmək üçün rəqəmsal infrastrukturun inkişafına mühüm töhfə vermək potensialına malikdir.

Azərbaycanın Avropanın maraqlarına cavab verən hazırki səyləri regionda kəskinləşən enerji böhranının yumşalmasına daha səmərəli yanaşma nümayiş etdirir. Bu ideyanı dəstəkləmək naminə konsensus və Azərbaycanla əməkdaşlığa maraq artmağa davam edir. Bununla əlaqədar olaraq, Mərkəzi Asiya iqtisadiyyatlarının Azərbaycan tərəfindən həyata keçirilən təşəbbüslərə qoşulma perspektivləri olduqca əlverişlidir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti