Bakı. Trend:
2024-cü ildə Azərbaycandan qaz ixracı 2023-cü ildəki 23,8 milyard kubmetrlə müqayisədə 24 milyard kubmetri keçəcək.
Trend-in məlumatına görə, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov bu gün Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 10-cu iclasının yekunlarına dair mətbuat konfransında deyib.
"Həmin yarısı Avropaya yönəldiləcək. Azərbaycan qazının tədarük coğrafiyası genişlənir. Bu il 48 milyard kubmetrdən çox nəzərdə tutulan qaz hasilatının yarısı ixrac ediləcək", - o bildirib.
Qeyd edək ki, Azərbaycan qazının Cənub Qaz Dəhlizi (CQD) ilə Avropaya nəqlinə 2020-ci il dekabrın 31-dən başlanılıb. Xəzər dənizi regionundan qaz Avropa ölkələrinə Gürcüstan və Türkiyə vasitəsilə nəql olunur.
Bu irimiqyaslı layihə enerji təchizatı marşrutlarını və mənbələrini şaxələndirmək və bununla da Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə kömək etmək məqsədi daşıyır. Layihənin dəyəri 45 milyard ABŞ dolları proqnozuna qarşı 33 milyard ABŞ dolları təşkil edib. CQD layihəsinin əsaslı xərclərinin 8-10 il ərzində tam ödəniləcəyi gözlənilir.
Bu gün Bakıda Cənub Qaz Dəhlizi (CQD) Məşvərət Şurasının nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurasının nazirlərin 2-ci iclası keçirilib. İclasda 23 ölkənin, 6 beynəlxalq təşkilatın və 44 şirkətin nümayəndələri ilə yanaşı, Azərbaycan və Avropa İttifaqı ölkələrindən nazirlər, nazir müavinləri və digər yüksək vəzifəli şəxslər iştirak ediblər.
